Qazaxıstanda “dil patrulları”nın “təşkilatçısı” kimi təqdim edilən Kuat Axmetovun Qazaxıstanı tərk edib Ukraynaya “qaçdığı” barədə məlumat yayılıb. Təbii ki, bu gün Axmetovun Rusiyaya girişi qadağan edilib deyə, o münasib ölkə kimi Ukraynanı seçib.
Qeyd edək ki, Axmetovun Kiyevdə qalıb-qalmayacağı hələ ki, məlum deyil. Çünki bu Ukraynadakı insan hüquqları təşkilatlarının ona qarşı sərgiləyəcəkləri münasibətdən asılı olacaq. Bunu isə Axmetovun vəkili Abzal Kusman bəyan edib.
Maraqlıdır, görən bu gün ölkəsindən qaçaq düşən Kuat Axmetov hansı günah sahibidir? Xatırladaq ki, Rusiya xəbər agentliyi “RİA Novosti” avqustun 24-də bir video yaymışdı. Videoda öz ölkəsindəki satış mərkəzlərindən birinə daxil olan Axmetov satıcılardan ona qazax dilində xidmət etməsini tələb edir.
Bax, budur Kuat Axmetovun qəbahəti... Amma ruslar buna qəbahət yox, “etnik ədavəti qızışdırmaq” deyirlər. Çünki bu gün ruslara hər şey olar, amma başqa millətlərə öz ölkələrində belə rusları incidən, onların könlünə dəyə bilən heç bir şey edilməməlidir: unutmamalıdır ki, vaxtilə onlar bizim “böyük qardaşımız” olublar.
Bu gün rusiyalı deputat Vyaçeslav Nikonov Rusiyanın dövlət televiziyasında çıxıb “indiki Qazaxıstanı Rusiyanın qazaxlara verdiyi ən böyük bir hədiyyəsidir” deyib Jirinovski, Solovyov kimi şəxsiziyyətlərə “mövzu verməsi” cinayət və ya etnik ədavəti qızışdırmaq sayılmır. Amma Kuat Axmetovun Qazaxıstanda satıcı ilə qazax dilində danışmaq istəməsini ruslar “etnik ədavəti qızışdırmaq” kimi, az qala dünyaya car çəkirlər.
Burada mənim üçün maraqlı olanı bilirsiniz nədir: Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumat... Deməli, həmin məlumatda Axmetovla əlaqədar olaraq Qazaxıstan ərazisindən hərəkət və çıxışı ilə bağlı heç bir məhdudiyyət qoyulmadığı bildirilir.
Amma ölkənin hüquq-mühafizə orqanları Axmetovun ona dövlət - qazax dilində xidmət göstərə bilmədikləri üçün dükan və iaşə obyektlərinin satıcıları ilə ziddiyyət təşkil etdiyi videoların “YouTube”da yayımlanmasından sonra 174-cü maddənin 1-ci hissəsi ilə məhkəməyə qədər istintaq başladılıb.
Gəl, indi bunları başa düş də...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB