“Məxməri” inqilabla bağlı miflər əriyir?..

“Məxməri” inqilabla bağlı miflər əriyir?..

Əvvəla deyim ki, bu qədər naşükürlük etməyə dəyməz. Dünənə qədər, özünüz, yəni siz ermənilər 2018-inqilabını nə bilim gah “məxməri”, gah da ki “güllü” inqilab adlandırırdınız. İndi də deyirsiniz ki, bu inqilab nə məxməri, nə də ki güllü inqilab olub. Dediyinizdən belə başa düşülür ki, bu inqilab “məhz ermənilər üçün hazırlanmış” əsl “şübhəli” inqilab olub ki, onun da meyvələri, yəni Nikolun kadroları “gül kimi” ölkəni tərəqqidən salmağa çalışırlar.

Ermənistanın Statistika Komitəsindən faktlar da gətirirsiniz ki, “şübhəli” inqilabdan sonra ərzaq təhlükəsizliyi və ya qida məhsullarının özünü təmin etmə səviyyəsi ciddi şəkildə pisləşib.

…Nə tez “pisinizi” vurdu? Sual olunur, məgər siz Nikoldan və ya onun sizlərə iqtisadiyyat naziri təyin etdiyi Vahan Kerobyandan əvvəl hər gün ləbləbi-kişmiş yeyirdiz? Deyim ki, adam qaralamaqda mahirsiz.

İndi də başlamısınız ki, inqilabdan sonra Ermənistanda ən əhəmiyyətli strateji bitkilərin əkin sahələrinin, mal-qaranın sayı azalıb. Hətta dediklərinizə əsas da gətirirsiniz ki, əvvəllər, yəni “şübhəli” inqilabdan qabaq Ermənistanda 242 min hektardan çox olan əkin sahəsi olub ki, bu da azala-azala bu gün 223 min hektara çatıb. Deyirsiz ki, 223 min hektar keçən ilin göstəricisidir, bu ilki nə qədər olacaq, hələ məlum deyil.

Son günlər statistikaya önəm verməyə başlamısınız, Paşinyan komandasının əvvəlki hakimiyyətin əldə etdiyi göstəricilərin çoxunu korlaya biləcəyini deyirsiniz. Yenə də, əsas kimi, inqilabdan sonra ölkədəki taxıl və paxlalı bitkilərin əkin sahəsinin 130 min hektardan 122 min hektara düşdüyünü deyirsiniz. Hətta təəccüblənirsiniz də, deyirsiniz ki, “inqilabçı” hökumətin gəlişindən sonra bəzi vacib məhsul növlərində əldə edilən tam özünü təmin etmə də yox olub. Yəni indi ermənilər hətta yumurtanı da xaricdən almağa başlayırlar.

…Amma belə görünür ki, bu hələ başlanğıcdır. Sizcə, bəs, necə olmalıydı? Gündə filan qədər erməni Ermənistanı birdəfəlik olaraq tərk edib, hələ filan qədəri də ölkədən qaçmaq üçün növbə gözləyirsə, ölkənin hansı “tərəqqisindən” danışmaq olar?

…Təbii ki, “özü yıxılan ağlamaz”, bir də niyə anlamaq istəmirsiniz ki, indi “sizin yığdığınız vaxtilə əkdiklərinizin bəhrəsidir”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə