Koronavirus məhdudiyyətləri Avropanı yerindən oynatdı

Koronavirus məhdudiyyətləri Avropanı yerindən oynatdı

Fransa, İngiltərə, İtaliya və Yunanıstanda məhdudiyyətlərə və məcburi vaksinasiya pasportuna etiraz edən on minlərlə insan küçələrə tökülüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, nümayişçilər bu şüarları səsləndirib: "Biz Makron kartı istəmirik", "Draghi istefa!", "Azadlıq" və "vaksinə yox" .

Koronavirus hadisələrinin sayında artım tendensiyası olduğundan Avropa ölkələrində məhdudiyyətlər yavaş-yavaş qayıdır. Geniş və intensiv peyvənd proqramına baxmayaraq, bir çox Avropa ölkəsində xəstələrin sayının artması hökumətlərin yeni tədbirlər görməsinə səbəb olub. Tədbirlərin qaytarılması ilə Fransa, İtaliya və Yunanıstan başda olmaqla bir çox Avropa ölkəsində insanlar küçələrə axışıb. Yüzlərlə insan qadağalar əleyhinə və peyvənd əleyhinə şüarlar səsləndirib. Polislə nümayişçilər arasında qarşıdurma olub. Bir çox insan yaralanıb, onlarla adam nəzarətə götürülüb.

İtaliya koronavirus epidemiyasında artan hallara cavab olaraq hökumət, vaksin sertifikatının restoranlar, idman salonları və muzeylər kimi qapalı ərazilərə giriş üçün məcburi edilməsi barədə qərarı təsdiqləyib. 6 avqustdan məcburi hala gətiriləcək "Yaşıl keçid" sənədinə, başda Roma olmaqla, Milan, Florensa, Napoli və Bolzano kimi bir çox şəhərlərdə etiraz edilib. Polis geniş təhlükəsizlik tədbirləri görərkən nümayişçilər Baş nazir Mario Draghi əleyhinə şüarlar səsləndirib.

Fransada minlərlə insan Covid-19 peyvəndinin bəzi peşələr üçün məcburi olmasına qarşı çıxaraq küçələrə axışıb. Ölkənin 174 nöqtəsində təşkil edilən etiraz aksiyalarına 164 min adam qatılıb. Sarı jiletlərin qatıldığı Bastilya meydanında başlayan nümayişdə minlərlə insan "Makron, kartınızı istəmirik" şüarları səsləndirib. Polis və jandarma nümayişçilərə müdaxilə edərkən bibər qazı və su topundan istifadə edib. 9 nəfər nəzarətə götürülüb.

Yunanıstanda minlərlə insan hökumətin bəzi sektorlarda vaksinasiyanı məcburi etməsinə etiraz olaraq küçələrə çıxıb. 4000-dən çox insan paytaxt Afinanın Sintagma meydanına toplaşaraq "azadlıq" şüarları ilə parlamentə yürüyüb. Nümayişçilərlə polis arasında şiddətli toqquşma olub. Bəzi etirazçılar polisə Molotov atarkən, polis gözyaşardıcı qazla cavab verib. 25 nəfər həbs olunub.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə