Ermənilər başsız qalan nazirliyə nazir müavini axtarırlar

...Bu ermənilərin də dərdi-azarı bitib tükənmək bilmir. Elə günü-gündən üstünə gəlir. Göz dəyməsin, məsləhət verənləri də ki, nə qədər desən... özü də gündə yenisi peyda olur. Bu dəqiqə imkandır, yəni özünü erməni cəmiyyətində tanıtmaq istəyənlər üçün geniş bir “meydan açılıb”. Uzatmayaq...

Beləliklə, ötən gün qələmi əlinə alan erməni türkoloq Ruben Melkonyan yazıb ki, guya əvvəllər Ermənistanda Azərbaycanla bağlı yaxşı nə isə danışanlar ölkə polisi tərəfindən tutulmasa da, amma ermənilər arasında ictimai qınağa məruz qalaraq, problemlər yaşayardı. Amma...

...Sən demə, indi elələri Ermənistanda az qala “qəhrəman” olurlar və hətta çıxıb İrəvan küçələrində “qürurla var-gəl” də edirlər. Bu gün onlara “əsil vətənpərvər ermənilərin” irad tutmağa və ya qınaq nümayiş etdirməyə, ruslar demiş “dux”ları belə çatmır.

...Əslinə qalsa, erməni Rubenin burada bir az gopa basıb, şişirtdiyi də nəzərdən qaçmamalıdır. Amma buna baxmayaraq, onun dediklərindəki bəzi fikirlər, məncə çoxlarına da maraqlı görünə bilər.

Beləliklə, artıq “əbədi olaraq itirilmiş artsax”ın xalqa unutdurulması istiqamətində Nikolun apardığı fəaliyyəti “tənqid etmək istəyən” erməni türkoloq, burada, nədənsə, əsaslı bir arqument gətirə bilməsə də, amma “...məhkumlarımızın sərbəst buraxılması müqabilində minalanmış ərazi xəritələrinin” Azərbaycana verilməsinə çox “pis” baxdığını deyir. Rubenin məntiqinə görə, Ermənistan “qəhrəman erməni əsgərlərini” öldürən bir ölkəyə qarşı belə “humanistlik” göstərməməli idi.

Bu gün Türkiyənin bölgədəki roluna toxunan erməni alim, bu ölkənin artıq bölgədə olduğunu bildirir. Təbii ki, erməni xisləti onu dinc qoymur, türklərin bölgədə olmalarını Ermənistanın varlığı, Rusiya üçünsə ciddi bir problem sayır.

Amma, Ruben burada Türkiyənin bölgədəki hiperaktivliyinə müqavimət göstərməyin çox çətin olduğunu deməklə, ən doğru olanını etiraf edir.

Bu gün Ermənistanın güzəştə getməyə məhkum olunduğunu bildirən Ruben Melkonyan, “təəssüflə” hazırda erməni hakimiyyətində bacarıqlı qüvvələrin olmamasını bildirir.

Onun fikrincə, “...bu gün bizim ən vacib quruluşumuz olan Xarici İşlər Nazirliyimiz yiyəsiz qalıb. Nazir müavinləri yoxdur. Bu gün Ermənistanda heç kim müavin belə olmaq istəmir, niyə? Çünki onlar Azərbaycan tərəfindən bizə təqdim ediləcək ehtimal olunan müqavilələrin imzalanmasında iştirak etmək istəmirlər”.

...Lakin bütün bunlara baxmayaraq, Ermənistanın faktiki təslimdən de-yure təsliminə doğru getdiyini deyən erməni türkoloq hazırda ölkənin dövlətçiliyi itirmək yolu ilə getdiyini də istisna etmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə