...Görünən odur ki, bu gün Ermənistan rəhbərliyi o boyda Cənub qonşumuzu unudaraq, artıq Qərb istiqamətində “qaçmağa start verməkdədir”.
Təbii ki, bu dəqiqə bizim üçün əsas olanı bizə veriləcək 2.6 milyar vəsaitdir. Çünki bu vəsait biz ermənilər üçün çox böyük önəm kəsb edir. Deməli, Avropa Birliyinin biz ermənilərə, bizim “demokratiyamıza” böyük önəm verib, “dəstəklədiyi” bir daha sübut olunur.
Əslində, Cənub qonşumuz İranı itirmək bizlərə “elə də böyük dərd olmasa da”, amma hər halda, hələlik, onlara da “yalmanıb nəsə qoparmaq” məsləhətdi. Amma...
...Əslinə qalsa, burada əsas günahkar elə İranın özüdür. Cünki İranın təzə prezidenti Seyid İbrahim Rəisi hakimiyyətə gələr-gəlməz “itirdiyimiz əzəli erməni torpaqlarına görə” bizə qahmar çıxıb, bizə “dəstək olmaq” əvəzinə, azərbaycanlılara “Azərbaycan ərazilərinin uğurla azad edilməsi münasibətilə” təbrik mesajı göndərdi.
...Hələ biz İranın Ali dini lideri olan Seyid Əli Xameneinin Bakıdakı nümayəndəsi Əliəkbər Ocaqnejadı demirik. O gün o da “Təzəpir” məscidindəki bayram namazından sonra jurnalistlərə verdiyi açıqlamasında “Şuşada namaz qılmaq mənim xəyalım idi” deyib. Deməli, belə başa düşülür ki, bir müddət bundan əvvəl Şuşaya gələn xarici səfirlər arasında o da olub və hətta “bizdən icazəsiz” Şuşa məscidində namaz da qılıb. İndi ondan soruşan gərək, bu namazı Şuşa “əsl sahibində”, yəni bizdə olanda niyə gəlib qılmırdın?
İranlı molladan soruşan gərək, sən heç ABŞ, Fransa və Rusiya səfirlərinin Şuşaya gəlməməsi ilə maraqlandınmı? Maraqlanmamısan. Onlar “gəlməyəcək”, çünki onlar Şuşanın bu gün “işğal altında olduğunu” bizdən də yaxşı qanırlar.
Erməni olaraq onu da deməliyik ki, vaxtilə İranın əvvəlki prezidenti Həsən Ruhani də “İran Azərbaycanla münasibətləri inkişaf etdirmək əzmindədir və yeni beynəlxalq şəraitdə gələcək inkişafı üçün fürsətlərdən istifadə edəcəyinə ümid edir” deyərək azərbaycanlılara olan “sevgisini” nümayış etdirmişdi.
...Həmin ərəfədə biz səsimizi çıxarmadıq, amma unutmadıq da, o da bizim yadımızdadır. Çünki o günlər əlimiz aşağı idi deyə səsimizi içimizə saldıq. İndi, Avropa Birliyinin bizə verdiyi 2.6 milyard evro bizim nəinki səsimizi çıxarmağa, hətta bir az o yana da getməyə “əsas” verir.
Bu gün bəzi erməni rəsmiləri İranı “sadiq müttəfiq” kimi təqdim edib, onun itirilməsinin ermənilər üçün “fəlakət” olacağını deyirlər. Amma bu, heç də belə deyil. Çünki...
...Yəqin eşitmiş olarsınız, o gün Ağ Ev rəsmilərinə istinad edən ”Wall Street Journal” nəşri ABŞ-ın İrana qarşı yeni və daha sərt sanksiyalar hazırladığı barədə material dərc edib. Belə ki, bu sanksiyalar İran neftinin Çinə satılmasının qarşısını almaq üçün nəqliyyat yollarının bağlanmasını da əhatə edəcək. Beləliklə, əgər İran danışıqlara razı olmasa, bu sanksiyalar ölkə əhalisini aclığa doğru aparacaq. Çox güman ki, İran bu danışıqlara razı olmayacaq...
...Doğrudan da, vaxtilə ermənilərin “karına gələn” və indi isə “aclıq çəkən İran” Ermənistanın nəyinə gərəkdir?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB