“Güclü erməni siyasətçisinin” qovalanması...SARKAZM

“Güclü erməni siyasətçisinin” qovalanması...SARKAZM

Ukraynanın Ali Radası utanmadan “rüsvayçı səs çoxluğu” ilə ölkənin “yeganə və əsl vətənpərvəri olan” daxili işlər naziri Arsen Avakovun istefasını dəstəklədi. Təbii ki, bu sifarişin Ukrayna prezidenti Vladimir Zelenskidən gəldiyi biz ermənilərə gün kimi aydındır. Əslində, siyasətdə naşı olan birindən, yəni Zelenskidən başqa şey gözləməyə də dəyməzdi. Amma o unudur ki, Ali Rada bu addımı atmaqla gələcəkdə öz ölkəsinə böyük zərər vermiş olacaq. Cünki Ukraynanın Avakov kimi “güclü bir siyasətçidən, siyasi oyunun əsl dahisindən” imtina etməsi bu ölkəyə böyük ziyanlardan başqa bir şey gətirməyəcək.

Bu gün biz ermənilər, Avakovun nazir vəzifəsindən qovulmasının əsl səbəbini onun Ukrayna xalqı arasında “günü-gündən artmaqda olan nüfuzunda”, “qalxmaqda olan reytinqində” görürük.

Gizlətməyə lüzum yox, ukraynalılar Avakovu “sevirdilər”. Təbii ki, bu da Zelenskini qane edə bilməzdi. Ona görə də, o, Avakovu vəzifədən uzaqlaşdırmaq üçün yollar axtarırdı. Biz bir müddət bundan əvvəl “Facebook” sosial şəbəkəsində “Avakovu qovuruq” adlı təbliğat kampaniyasının da, məhz Zelenski tərəfindən təşkil edildiyinə heç bir şübhə etmirik. Hətta buna əminik də bildirə bilərik...

Əslinə qalsa, biz ermənilərə görə, burada Azərbaycanın da “barmağının olduğu” istisna edilmir.

...Hə, indi artıq arzunuza çatdınız. Yəqin ki, Arsen barədə növbəti addımınız ermənidir deyə, onun barəsində tədqiqat aparmaq işləri olacaq. Sonra da “saxta ittihamlarla” “məsumun bir insanı” türməyə basacaqsınız. Siz hətta burada onun “böyük erməni xalqının” yetirməsi olduğunu da nəzərə almayacaqsınız. Əslində bu, “zillətlər içində cabalayan” az qala ildə iki dəfə “soyqırıma” məruz qalan “böyük erməni xalğına” qarşı növbəti “soyqırım” kimi “qəbul edilməlidir.

Biz hələ Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskinin “qədim erməni şəhəri olan” Şuşaya səfərini unutmamışıq. O, hələ utanmadan, “Twitter” hesabında səfəri ilə bağlı paylaşıma edib bizə gözdağı verməyi də unutmayıb...

Ona görə də biz, Avakovun işindən qovulmasında Azərbaycanın da barmağının olduğunu əbəs yerə demədik. Əgər belə olmasaydı, Arsenin işdən qovalandığı gün Azərbaycanın “SOCAR Energy” şirkəti Kiyevdə “banket təşkil etməzdi”(?). Özü də azərbaycanlılar “ukraynalılarla əlbir olub” bu “banketə” ABŞ Dövlət katibi köməkçisinin müavini Qeorq Kenti, Amerika-Ukrayna Ticarət Palatasının prezidenti Endi Hunderi və məşhur “Natan” kompaniyasının vitse-prezidenti Ceyms Uolkeri dəvət etməzdi.

Əslində, bu da ABŞ-ın erməni xalqına göstərdiyi “sayqısızlıq” kimi başa düşülməlidir. Ona görə də biz amerikalıların azərbaycanlılarla bir stol ətrafında oturmalarını ABŞ-ın Qafqazdakı “layiqli tərəfdaşı”na qarşı hörmətsizliyi kimi qəbul edirik.

...Bu gün biz ermənilər, Zelenskinin Arsen Avakovu vəzifəsindən “qovmaqla” Ukraynada da artıq anti-erməni kampaniyasına “yaşıl işıq yandırdığını” görürük. Yəqin ki, bundan sonra da Ukrayna rəhbərliyi ölkədə Avakovun əlaltılarını “təmizlənməyə” başlamaqla növbəti “erməni soyqırımına” start vermiş olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə