Litva Belarus sərhədində “tikanlı divar” qurur

Litva Belarus sərhədində “tikanlı divar” qurur

Bu günlərdə Litva parlamenti Belarusdan gələn qanunsuz miqrant və qaçqınların qarşısını almağa imkan vermək üçün ölkə qanunvericiliyində dəyişiklik edib. Səbəb isə son aylarda ölkədə miqrasiya ilə bağlı yaranan ağır vəziyyətidir.

Qeyd edək ki, litvalı rəsmilərin bildirdiyinə görə, bu ilin əvvəlindən başlayaraq, Belarusdan Litvaya 1600-dən artıq qaçqın gəlib ki, bu da ötən illə müqayisədə 22 dəfə çoxdur.

Rus saytlarının yazdığına görə, Belarusla Litva arasındakı sərhəd həmişə əlverişsiz ölkələrdən olan miqrantları cəlb edib.

Bundan əlavə, Belarusdakı son yaşantılar ölkədəki siyasi fəalların yaşayış və fəaliyyətləri üçün problem yaratdığı üçün onlar ölkəni tərk etməyə məcbur olublar. Xatırladaq ki, Belarusdakı son prezident seçkilərində özünü qalib sayan Svetlana Tixanovskaya hazırda Vilnüsdə öz qərargahını quraraq, siyasi fəaliyyətini davam etdirir.

Təbii ki, bütün bunlar rəsmi Minski qıcıqlandırmaya bilməz. Məsələ bundadır ki, bir müddət bundan əvvəl Belarus parlamentində çıxış edən Lukaşenko Qərb ölkələrinə xitabən, bundan sonra “narkotik və miqrantların dayandırılmasını artıq onlara həvalə etdiklərini” bildirmişdi.

Maraqlıdır ki, belarus liderinin dedikləri özünü çox gözlətməyib. Belə ki, bundan qısa bir müddət sonra Litva sərhədçiləri miqrant sayının çoxluğu ilə bağlı həyəcan təbili çalmağa başlayıblar. O da maraqlıdır ki, bu gün Litva sərhədini keçənlər təkcə belaruslar deyillər. Məsələ bundadır ki, hazırda Pakistan, Hindistan, İraq, Suriya və hətta Afrika ölkələrindən olan bir neçə on nəfərlik qruplar da hər gün sözün həqiqi mənasında Belarus ərazisindən Litvaya gedən meşə yollarından yararlanırlar. Problem isə gündən-günə artır. Belə ki, bir müddət bundan əvvəl əmrə tabe olmayan miqrantlara qarşı litvalı sərhədçilər gözyaşardıcı qaz və silahdan istifadə etməyə məcbur olublar.

İnsidentlə bağlı yerli mətbuata açıqlama verən Litva Sərhəd Mühafizə Xidməti səlahiyyətlisi bütün cəhdlərinə baxmayaraq, gələn miqrant axınlarının “hər gün, hər həftə” artdığını və bunun da “həm dövlət, həm də xidmət üçün problemlər” yaratdığını bildirib. Xidmət səlahiyyətlisinin sözlərinə görə, bütün bunlara baxmayaraq, Belarus sərhədçiləri ilə dialoq qurmaq hələ ki, mümkün olmayıb.

Ona görə də, Litva Belarus sərhədində tikanlı məftillərdən “möhtəşəm bir sərhəd divarı” qurmağa başlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə