...Ermənistan Rusiyasız “yox olub gedəcək”?

Modest Kolerovun ermənilərə tövsiyələri…
...Ermənistan Rusiyasız “yox olub gedəcək”?

Ötən gün erməni saytlarına danışan “Regnum” xəbər agentliyinin baş redaktoru Modest Kolerov ermənilərə bir daha anladıb ki, Rusiya ilə ittifaqda qalmaq Ermənistanın dövlət olaraq yaşaması üçün yeganə yoldur. Onun sözlərinə görə, Ermənistan, nəhayət bunları dərk edib, özünü qorumalı və heç kimdən ianə almamağa çalışmalıdır.

Deyim ki, Kolerovun ermənilərə verdiyi sonrakı məsləhətləri daha “dəyərlidir”. Bu gün Rusiyanın Qafqazdakı əsas vəzifələrindən biri Ermənistanı “dövlət intiharından” qorumaq olduğunu deyən rusiyalı redaktor bölgədə güc nisbətinin pozulmasının Rusiya üçün də yaxşı hal olmadığını, bunun Kreml üçün bir növ təhdid olduğunu deyir. Kolerov burada ürəyiyananlıq edib bu gün Ermənistanın zəlil gündə olduğunu etiraf edir. Onun fikrincə, vəziyyət hətta o həddədir ki, Ermənistan, buna tam hüququ olsa da, sərhədlərini belə qoruya bilmir. Yəni vəziyyətlə bağlı bütün məsələləri Azərbaycan diktə edir. Ona görə də, hazırda Ermənistan sərhədlərinin Rusiya tərəfindən qorunmasını istəyir.

Qeyd edək ki. erməni istəklisi olan Kolerov bu arada Qarabağsız Ermənistanın strateji, geosiyasi çəkisinın sıfıra meylli olduğunu bildirir. Rus redaktor, yaxınlarda Ermənistanda geniş miqyaslı köçün başlaya biləcəyini də istisna etmir. Onun ehtimalına görə, ölkədəki tarazlığı qorumaq iqidarında olmayan Paşinyanın üzündən ölkədə qalsa da, ancaq təqaüdçü və bürokratlar qalacaq.

…Burada Gürcüstan, Türkiyə və Azərbaycan arasında keçiriləcək birgə hərbi təlimlərə diqqət çəkən Kolerov Ermənistanın “tək qalıb” özünü müdafiə edə bilməyəcəyini bildirir. Onun fikrincə, ermənilərin gürcüləri özlərinə yaxın müttəfiq bilmələri illüziyadır.

…Bu gün Ermənistan özünü və ərazisini qorumaq üçün ancaq Rusiya ilə birlik dövlətinə girməsi lazımdır. Bəs, belə olan halda problem nədir? Təbii ki, Ermənistanda anti-Rusiya proqramı ilə hakimiyyətə gələn bir adamın-Nikol Paşinyanın rəhbərlik etməsi.

Kolerova görə, hazırda Paşinyan Rusiyada, müstəsna olaraq, Ermənistan lideri kimi qəbul olunduğu anlasa da, amma Kremlin ona inamının olmadığını yaxşı bilir. Məhz elə bu da onun ciddi qərarlar qəbul etməsinə mane olur. Üstəlik, Paşinyan hələ ki, heç bir tarixi qərar verməyəcək. Hazırda baş nazir Rusiyadan qoruma, kömək almaq, məsuliyyəti Moskvaya verməklə gözlənilən hər hansı bir zərbədən atlamağı planlaşdırır. Bununla yanaşı, o Rusiyanın əvəzinə Fransa ilə strateji müttəfiq olacağına ümid bəsləyir. Rusiyalı siyasətçinin dediyinə görə, Moskvada Ermənistanı izləyənlər bunu artıq yaxşı başa düşürlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə