Araik Arutyunyan “dezertir” axtarışına çıxıb...

Araik Arutyunyan “dezertir” axtarışına çıxıb...

44 günlük müharibəki sarsıdıcı məğlubiyyətdən sonra “təxtdən” düşən və artıq dediyi sözün kəsəri belə qalmayan Araik Arutyunyan əriməkdə olan “varlığını” sübut etmək üçün “əmr imzalayıb”. Belə ki, Arutyunyan məlum müharibə zamanı səfərbərlikdən yayınıb fərarilik edən məmur və onların qohumlarının işdən çıxarılması barədə göstəriş verib.

Onun sözlərinə görə, guya erməni məmurlar ancaq Xocavənd, Əsgəran və Ağdərədə öz işlərinin öhdəsindən “ləyaqətlə gəliblər”. Maraqlıdır ki, Arutyunyan məmur deyərkən, sən demə, təkcə "dövlət aparatı" işçilərini deyil, həm də müəllim, həkimlər, lobarant və s. nəzərdə tuturmuş. Onun dediyindən belə başa düşülür ki, məhz həmin şəxslərin fərarilik etmələri, o biri erməniləri məğlub duruma salıb.

...Burada mənim üçün maraqlısı bilirsiniz nədir? Arutyunyanın Xocavənd, Əsgəran və Ağdərədəki “məmur müəllimləri “az qala “qəhrəman” edib həmin müəllimlərin “igid”liklərinə, onların bu əraziləri özlərində saxlaya bildiklərinə görə verdiyi “dəyər”.

Qəribədir, yəni doğrudanmı, Arutyunyan 44 günlük müharibə dövründə Azərbaycan Ordusunun elə də uzaq olmayan gələcəkdə həmin ərazilərin öz sahiblərinə, yəni Azərbaycana qaytarılacağını əsas tutaraq həmin rayonlar üzərinə getmədiyini anlamır? Təbii ki, o bütün bunları yaxşı qanır. Sadəcə olaraq, dediyimiz kimi, artıq ermənilərin hafizələrindən silinməyə doğru gedən “varlığını” göstərmək üçün müharibə dövründə saxta sənəd alıb aradan çıxan “məmurlara xox” gəlməklə, hələ ki, “təxtdə” oturduğunu ermənilərin gözünə soxmağa çalışır...

Amma mən əminəm ki, bu gün bizim ərazimizdə qalan təkcə erməni “məmur müəllimlər” deyil, digərlərini də yoxlasanız əksəriyyəti, ruslar demiş “dezertir” çıxacaq.

...Maraqlıdır, 44 günlük müharibə dövründə küncdə-bucaqda gizlınib, arada bir qaraltı salan Araik artıq onun “dezertir”liyinə dəlalət edən ilk siqnalı alıb. Belə ki, yaxınlarda onun saxta vəzifəsindən qovulacağı deyilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə