Ermənilərin dostu çoxdur, yoxsa “düşməni”..?

Ermənilərin dostu çoxdur, yoxsa “düşməni”..?

“...İnanın, Ermənistan kimi “demokratik” bir ölkənin, Orta Asiya ölkəsinin vaxtilə “qeyri-qanuni” şəkildə seçilmiş sabiq rəhbərlərindən birinə təbrik göndərməsi yersizdir”.

Bildirək ki, erməni saytı bu fikirləri Qazaxıstan Respublikasının ilk Prezidenti Nursultan Nazarbayevin ad günü münasibətilə Nikol Paşinyanın ona göndərdiyi təbrik mesajına münasibət bildirərək yazıb.

...Nə deyəsən?

Qeyd edim ki, dünyada Ermənistana “dost” olan ölkələrin barmaqla sayıla biləcəyini etiraf edən erməni saytı, “böyük bir şəstlə” bu ölkələrin Fransa, ABŞ, İran, Fələstin, Çin, Suriya olduğunu bəyan edir. Amma buna baxmayaraq, sayt burada “təəssüflə də olsa” Ermənistan kimi “demokratik bir ölkəyə” dost olmayan ölkələrin daha çox olduğunu da etiraf etmək məcburiyyətində qalır.

Maraqlıdır, görən, sayt erməni “düşmənlərinin” erməni dostlarından çox olmasının fərqinə varıbmı? ..və ya bunun niyə belə olduğunu bir sual kimi aydınlaşdırmağa çalışıbmı? ...Mən inanmıram.

O da maraqlıdır ki, bu gün Azərbaycan, Türkiyə, Pakistan, İsrail kimi ölkələri özünə düşmən sayan ermənilər, hazırda təmsil olunduqları hərbi-siyasi və iqtisadi bloklarda, yəni KTMT və Avrasiya İqtisadi Birliyində də “düşmənlərinin” mövcud olduğunu iddia edirlər. Erməni məfkurəsinə görə, həmin erməni “düşmənləri” Belarusiya və Qazaxıstandır...

...Bəs, indi nə deyəsən?

Burada mən dünyada hər şeyin bir həddi olduğu halda, amma erməni həyasılığı həddinin çatar nöqtəsinin hələ ki, müəyyən edilmədiyini söyləməyi özümə borc bilirəm.

Maraqlıdır, görən Ermənistan Belarusiyanı niyə özünə düşmən sayır? Sən demə, ermənilərin bununla bağlı “daşdələn əsasları” varmış: Niyə Belarusiya Azərbaycanla qarşılıqlı xoş əlaqələr qurur, niyə belaruslar Azərbaycana silah satırlar, niyə... və s. Ermənilərin təxəyyülünə görə, erməniyə dost olan onun düşmənlərinə də düşmən kəsilməlidir(?).

... Ötən gün Nursultan Nazarbayevə təbrik mesajı göndərən Nikol Paşinyan məgər qazax liderinin Avrasiya İqtisadi Birliyinin yaradılması barədə müqaviləni imzalandığı gün Ermənistanın Dağlıq Qarabağla birgə bu təşkilata qoşulmasının mümkünsüzlüyünü açıq şəkildə elan etdiyini unudub? Əslində bu Nazarbayev tərəfindən “böyük erməni xalqına” qarşı hörmətsizlik, bütün erməni xalqını alçaltmaq idi.

Məhz buna görə də, “demokratik” bir ölkə rəhbərinin, yəni Nikol Paşinyanın Orta Asiya ölkəsinin “qeyri-qanuni” yolla seçilmış sabiq rəhbərinə “məhrəm dolu təbrik mesajı” göndərməsi müsbət hal kimi qəbul edilməməlidir.

...Burada artıq daha heç nə deməmək də olardı, amma...

...Deyirlər, adətən, böyük dövlətlərin daimi dostu və ya daimi düşmənləri olmur, onların ancaq daimi mənafeləri olur. Hazırda belə görünür ki, ermənilər onların bu mənafelərinə heç cür uyğun gəlmirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə