Yaxşı, görən, indi bunların köhnə palan içi eşməkdə məqsədləri nədir? Bəli, “erməni demokratiyasına” xələl gətirməyə cəhd edib, haradasa buna, az da olsa, nail ola bilənləri başa düşürük, bəs onda o boyda amerikalı professor Qeorqi Qallupun Ermənistandakı səlahiyyətli nümayəndəsi Aram Navasardiyanın dediklərini hara yozaq?
İndi biz burada ermənilərin sosiologiya şirkətinin apardığı sorğuya inanaq, yoxsa Qallupun “etibar etdiyi” Arama? İnanın ki, bu gün dünyada demokratık olmağa çalışan əksər dövlətlərin Ermənistandan “demokratiyanın incəliklərini” öyrənməyə çalışdıqları bir məqamda, Nikolpərəstlərin mədəni bir ölkənin adına xələl gətirməyə çalışmaları heç yerinə düşmür.
Axı, bu, necə ola bilər? O boyda sosiologiya şirkəti iyunun 18-də mədəni ermənilər arasında mədəni şəkildə sorğu keçirir. Mədəni ermənilərin cəmi 24 faizi “xain olmasına” baxmayaraq, yenə də mədəni şəkildə Nikol Paşinyana səs verəcəklərini bildirirlər. Yaxşı, bəs, bu necə olur ki, iyunun 20-də mədəniyyətləri də başlarına dəymişlər o boyda Koçaryanı, ondan bir az balaca Sarkisyanı qoyub Nikol Paşinyana 53.9 faiz səs verirlər?
...Yaxşı, bunu biz Aşota, Mıkırtıça daha nə bilim kimlərə inandıra bilərik, amma bunu nə “təvazökar” Robert, nə də bəstəboy Serjik “yaxına buraxmırlar”. Təbii ki, onları da başa düşmək olar: Ermənistanı “mədəni və demokratık” bir ölkə bilib, əlaltından nə qədər pul-para “tökmüşdülər”. Doğrudan da, heç cür baş açası məsələ deyil.
Gərək ki, yadınızda olar, keçən il Ermənistanda Nikolun reytinqi ilə bağlı bir sorğu keçirilmişdi. Yadınızdadır da... həmən vaxt Nikol cəmi-cümlətanı 55 faiz səs toplamışdı. Deyim ki, həmin ərəfədə Nikola bu səsləri toplamaqda ən çox onun yalanlarına inananlar yardımçı olmuşdular. Bəs indi nə oldu? Hıy? Nikol koronavirusla bağlı apardığı uğursuz mübarizədən, uduzduğu müharibədən, bir çox ərazini itirdikdən, 7 minə yaxın “qəhrəman erməni əsgərini” öldürdükdən, on mindən çox yaralı əsgərdən, Azərbaycanın Ermənistan sərhəd ərazilərinə “müdaxilədən” sonra onun reqtinqi cəmi bir faiz aşağı düşüb? Ə, bəs bu necə olur: erməniləri zəlil günə qoyan Nikolun reytinqi cəmi-cümlətanı 1 faiz, yəni 55-dən 53.9 faizə düşür?
Maraqlıdır ki, Qallupun Ermənistanda ən çox“etibar etdiyi” Aram Navasardiyan da burada “yanlışlıq” olduğunu deyir. Məsələn, onun təxminlərinə görə, Nikol bu seçkidə ən yaxşı halda səslərin 35-36 faizini toplaya bilərdi.
...Burada deyirlər ey...ay nankor, Aram, hələ “utanmadan” anketlərdə inzibati resurs imkanlarının nəzərə alınmadığını da bildirir. Deyim ki, Aram burada da, kimin -ayının, yoxsa Robertin əmisi oğlu olduğunu gizlədə bilmir. Əslində, burada gizlədiləsi bir şey də yoxdur. Çünki ayı ilə Robertin eyni məssəbə xidmət edəcəyi Ermənistanda hər kəsə bəlli idi.
Daha bir maraqlı məqan...belə ki, dünənədək Nikolun 53.9 faizlik səsinə “mənim izahım yoxdur” deyən Aram Navasardyan ötən gün seçki ilə baqlı mühüm bir məqamı yadına sala bilib. Belə ki, o bölgə mərkəzləri də daxil olmaqla bir sıra seçki məntəqələrində səslərin sayılması zamanı işıqların “qəfildən” söndüyünü xatırlayıb. Deyim ki, “90-cı illərin əvvəllərindəki seçki kampaniyalarının ən yaxşı ənənələri”ndən biri kimi təqdim edilən bu metod, əslində elə Robert Koçaryanla, Serjik Sarkisyan tərəfindən tətbiq edilsə də, amma bu dəfə onları heç çür qane etməyib.
Sizi bilmirəm, amma məncə burada Qeorqi Qallupun Ermənistandakı səlahiyyətli nümayəndəsi Aram Navasardiyanın Ermənistanı “demokratik” ölkə olduğuna “bel bağlaylb”, yol verdiyi ən böyük xəta, onun bütün bu məsələlərdə “qaranquş-sərçə” məsəlini nəzərə almamasıdır... “yəni artıq Rober...qaranquş gəldi-gedərdi, Niko....sərçə isə...”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB