Ötən gün ermənilərin “Novosti Armenia” saytına açıqlama verən rusiyalı politoloq Stanislav Tarasovun fikirləri haradasa maraq doğursa da, amma onun bəzi fikirləri mübahisə mövzusu kimi də qəbul edilə bilər. Məsələn, Tarasov Qarabağsız Ermənistanın daha heç kimə lazım olmayacağını və bu ölkənin tezliklə dünya xəritəsindən silinə bləcəyi barədə dedikləri...elə də bir şübhə doğurmasa da, amma...
...Vaxtilə Nikol Paşinyanın təsadüfi biri kimi erməni hakimiyyətinə gəldiyini bildirən rusiyalı politoloq onun Qarabağdakı münaqişənin həlli ilə bağlı heç bir proqramının olmadığını bildirir. Yəni o, erməni hakimiyyətinə erməni xalqını aldatmaq yolu ilə gəlib çıxmışdı.
Tarasovun ehtimalına görə, vaxtilə Paşinyan Qarabağda yaranmış vəziyyətdən daha az itki ilə çıxmaq üçün fürsət olduğu halda, Nikol guya bundan yararlana bilməyib: “İndi isə Qarabağın statusunu müəyyənləşdirmək lazım olduğunu söyləyən Paşinyan, sadəcə olaraq, ATƏT-in Minsk Qrupuna qapılıb”.
Bu gün artıq ermənilərin Qarabağı qorumaq istəmədiklərini bildirən rusiyalı politoloq bu sahədə İrəvan ermənilərinin fəallıq göstərdiklərini də xüsusi olaraq, diqqətə çatdırır. Qarabağın İrəvan erməniləri üçün elə də bir önəm kəsb etmədiyini deyən Tarasov, Qarabağın artıq Azərbaycana təslim edildiyinə heç bir şübhə yeri qalmadığını bildirir.
“...Bu gün Paşinyan Ermənistanın sərhədi daxilində “demokratik bir cənnət” yaradacağını düşünür. Amma, məncə, o heç bir cənnət-filan yarada bilməyəcək, əksinə ermənilərə aid edildiyi belə şübhə doğuran dövlətin olan-qalan qalıqlarını da məhv edəcək. Belə ki, Ermənistan heç vaxt Qarabağsız bir dövlət kimi mövcud olmayacaq, çünki Qarabağsız bir dövlət kimi Ermənistan heç kimə də lazım deyil”.
Bunlar da Tarasovun fikirləridir, amma bu fikirlərdəki bəzi müəmmalı “çalarlar”da nələrin gizləndiyi çoxlarına elə də qaranlıq qalmamalıdır.
...Bundan sonra, Ermənistanın fəlakətli bir geosiyasi vəziyyətdə olduğunu deyən Tarasov, məncə elə də bir “evrika” kəşf etdiyini düşünməməlidir. Hakimiyyətə gəldikdən sonra Paşinyanın tədricən əvvəlki təsirini itirməyə başladığını xatırlatmaq da yenilik kimi qəbul edilməməlidir. Amma Nikolun bütün uğursuzluqlarını Kremlə “yan çevirməyi” ilə əlaqələndirmək, bəlkə də, haradasa qəbulediləndir.
Nikol Paşinyanı uğursuz, ölkədə hər hansı bir islahat aparmağa qadir olmayanın biri kimi təqdim edən Tarasov onun erməni parlamentində əksəriyyətə sahib olmasına baxmayaraq, amma heç nə edə bilməməkdə də günahlandırır.
Bu arada Ermənistanda artıq yeni bir müxalifətin meydana çıxdığını və bunun bir növ nəticəsi kimi, ölkədə kəskinləşmələr olacağını, vəziyyətin daha da pisləşəcəyini bildirən rusiyalı politoloqun burada artıq nədənsə, erməni canıyananlığı sezilməyə başlayır
Belə ki, o, burada ermənilər üçün təəssüf hissi keçirirmiş kimi, Qarabağ probleminin başqa cür də çözülə biləcəyini dilə gətirir.
“...Belə görünür ki, ermənilər sabit bir dövlət qura bilmədilər. Onlar müstəqillik illərində qazandıqları bütün nailiyyətləri səriştəsiz, savadsız, cahil birinin əli ilə itirdilər(?)”.
Belə görünür ki, Nikol Paşinyanın yenidən seçilməsi Tarsovu da qane etmir. Onun fikrincə, Paşinyanın yenidən seçilməsi Ermənistanın öz-özünü məhv etmək əməliyyatının son akkordudur: “...Bu mənim kəşfim deyil. Hamı artıq bunun ermənilərin son faciələrindən biri olduğunu anlayır”.
Bu da təbiidir, görün indi ermənilər əvvəki hakimiyyətdə olan Robert Koçaryan və Serjik Sarkisyandan nələr çəkiblər ki, indi Tarasovun səriştəsiz, savadsız, cahil kimi təqdim etdiyinin birini yenidən baş nazır seçməyə qərar veriblər.
...Məncə, Tarasovun ermənilərə verdiyi açıqlamada İrəvanın qədim Azərbaycan şəhəri olması barədə Azərbaycan rəhbərinin dediklərinə inanmağa başlaması onun ən səmimi etirafı kimi qəbul edilməlidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB