Rusların erməni nigarançılığı…

Rus saytlarının yazdığına görə, Ermənistan parlamentinə nifrət və təhdidlər fonunda keçirilən seçkilərdə Nikol qalib kimi göstərilsə də, amma bunun ölkədə yeni vətəndaş qarşıdurmalarına səbəb olacağına heç bir şübhə yeri yoxdur. O da maraqlıdır ki, rus nəşrləri Paşinyana aid edilən qalib sözünü bütün variantlarda dırnaqda veriblər. Yəni, belə başa düşülür ki, ruslar seşkilərdə rəsmi olaraq Nikol Paşinyanın qalib gəldiyini bəyan etsələr də, amma hələ də buna tərəddüdlərini də gizlətmirlər.

Belə ki, onların iddiasına görə, hazırda Ermənistanda sabitlik və təhlükəsizliyə birbaşa təsir göstərən bir sıra hallara diqqət yetirməyə dəyər. Maraqlıdır, görən, rusların bütün bu məsələlərdəki iddiaları nədir? Məsələn, ruslara görə, Paşinyanın “qələbəsi” yerli hisslər və ya “Gallup”un seçkilərdən əvvəl keçirdiyi ictimai rəy sorğusu ilə uyğun gəlmir, yəni bu “qələbə” elə Nikolun özü üçün də tamamilə gözlənilməz olub. Belə görünür ki, ruslara görə, qalib Robert Koçaryan olmalıymış.

Onlar əsas kimi “RİA Novosti”nin seçkilərdən bir müddət əvvəl Ermənistanda keçirdiyi rəy sorğusunu sübut kimi “gözə soxmağa” çalışırlar. Ruslara görə, həmin sorğuda rəyi soruşulanların 32 faizi “Hayastan” blokuna, yəni Robert Koçaryana, 24 faizi Nikol Paşinyanın “Mülki müqavilə”sinə, cəmi 2 faizi isə “qürurlu” Serj Sarkisyana səs verəcəklərini bildiriblərmiş. Bəs, belə olan halda, Nikol Paşinyan necə qalib ola bilər axı? Bu sualı da ruslar verir.

Maraqlıdır, bəlkə elə seçki kampaniyası üçün ayrılmış vaxt məhdudiyyəti buna mane olub? Ola bilər ki, seçki kampaniyası üçün ayrılmış 12 gün ərzində Nikol Paşinyan nəinki inzibati resursun genişmiqyaslı istismarını itirməyib, həm də siyasi rəqiblərini birbaşa olaraq çəkiclə hədələyərək qorxudub?

Rusların yazdığına görə, “məxməri inqilab” liderinin davranışından şoka düşən bəzi ermənilər son seçkiləri Nikolun pold çəkicinin rəmzi olaraq “polad inqilab” belə adlandırmağa hazır olduqlarını bəyan ediblər.

Bu arada Ermənistandakı seçkilər zamanı qanun pozuntularının sayı və mahiyyətinə xüsusi diqqət çəkən rus saytları Ermənistanda elan edilmiş “sükut günü” “Hayastan” blokuna qarşı “ermənilərin qatili” (təbii ki, burada Robert Köçəryan nəzərdə tutulurdu) sözləri yazılmış broşuraların İrəvan küçələrinə səpəlməsini də Nikolun əməli olduğunu iddia edirlər. Rus saytlarının yazdığına görə, “sükut günü” Nikol səlahiyyətliləri orduya, digər dövlət məmurlarına və s. təzyiq göstəriblər. Rusların yazdığına görə, bu barədə onlarda tutarlı məlumatlar da var: “...amma buna baxmayaraq, ATƏT Parlament Assambleyası missiyasının seçkilərin rəqabətli və kifayət qədər yaxşı təşkil edildiyini bildirdikləri “başa düşülən deyil””.

Bəs, sual oluna bilər, MDB müşahidəçilərinin Ermənistandakı seçkiləri “azad və demokratik seçkilər” olduğunu elan etmələrinə nə ad vermək olar?

Amma buna baxmayaraq, yenə də rus saytlarının yazdığına inansaq, guya bu gün erməni xalqı özləri “azad seçkilər”in keçirilməsindən və Paşinyanın “inamlı qələbəsindən” ciddi şəkildə şübhələnirlər.

Deyim ki, bu da rus saytlarının gəldiyi qənaətdir...

Bir müddət sonra Ermənistanın acı gerçəkliklərlə qarşılaşacağını istisna etməyən rus saytları, ermənilərin yaxınlarda yeni bir böyük böhranla üzləşəcəklərini də istisna etmir. Belə ki, ruslara görə, Ermənistanı qarşıda ciddi daxili və geosiyasi sınaqlar gözləyir.

...Görən, bunu rusların erməni nigarançılığı kimi qəbul etmək olarmı?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə