Onun təyyarəsi var...özü də “qızıl”dan...

Onun təyyarəsi var...özü də “qızıl”dan...

Etiraf edilməlidir ki, bu gün Orta Asiya ölkələri əhalisinin əksəriyyəti işləmək üçün daha çox Rusiyanı seçirlər. Təbii ki, biz burada bəzi istisnalara da diqqət çəkməliyik. Xatırlatmaq yerinə düşər ki, son zamanlar Qazaxıstan da artıq özündə “təpər” taparaq, ölkəyə işçi miqrantlar cəlb etməyə başlayıb. Deyilənə görə, bu gün Rusiya ilə müqayisədə Qazaxıstanı “yaxın” bilib bu ölkəyə üz tutan orta asiyalı işçi miqrantların sayında artım müşahidə edilməkdədir. Ancaq etiraf edilməlidir ki, bu orta asiyalı işçi miqrantlar arasında ən azlıq təşkil edənlər türkmənlərdir. Qeyd edim ki, bu, hazırda Türkmənistanda iş yerlərinin çoxluğu, türkmənlərin öz ölkələrində iş-gücsüz qalmaması anlamına gəlməməlidir. Sadəcə, türkmənlər üçün ölkədən çıxış, sadəcə olaraq, yasaq edilib: yəni acından da ölsən öz ölkəndə ölməlisən.

...Bəzi iddialara görə, bu gün Orta Asiya dövlətləri inkişaf etmək kateqoriyasındadır. Amma o da maraqlıdır ki, son zamanlar Orta Asiya dövlətləri ilə bağlı rastlaşdığım yazıların əksəriyyətində bu regionda zənginlərlə kasıb təbəqələr arasında böyük bir uçurumun yarandığı iddia edilir.

Bayaq, Orta Asiya dövlətlərinin inkışafını xatırlatdım. Təbii ki, bunu Türkmənistanın paytaxtı Aşqabadda son illərdə tikilən yenigörünüşlü tikililər də təsdiq edir. Amma maraqlıdır, şəhərdə tikilən bu göydələnlərdə heç kim yaşamır, yəni bütün yaşayış binaları hələ də sahibsizdir. Niyə?.. İmkansızlıq...

Belə ki, bu günlərdə Dünya Bankı Türkmənistanı son Qlobal İqtisadi Perspektivlər hesabatından çıxarıb. Maraqlıdır ki, Dünya Bankı əsas kimi isə, respublikanın iqtisadi göstəricilərinin “etibarlı keyfiyyət məlumatlarının” olmaması ilə əlaqələndirib. Xatırladaq ki, bu ilin aprel ayından etibarən Beynəlxalq Valyuta Fondu Aşqabadın rəsmi dövlət statistikasından istifadə etməyi də dayandırıb. Bilirsiniz niyə, çünki Türkmənistan hökuməti son bir ildə ölkədəki ÜDM-də artım tempinin 5,9 olduğunu dediyi halda, Beynəlxalq Valyuta Fondu bu göstəricini 0,8 faiz kimi təqdim edib. Maraqlıdır ki, bununla razılaşmayan Aşqabad isə beynəlxalq təşkilatlar tərəfindən təqdim edilən iqtisadi göstəriciləri tanımadığını bəyan edib.

Yeri gəlmişkən, bildirim ki, bu günlərdə türkmən saytlarının biri ölkədəki işsizliyin, kasıbçılığın tüğyan etdiyi bir vaxtda öikə rəhbərinin özünə üçüncü “Boeinq” təyyarəsi aldığını bildirib.

Saytın yazdığına görə, təyyarənin iç hissəsində Amerika şirkətlərindən biri tərəfindən aparılan dizayn işləri təyyarənin özündən, demək olar ki, iki-üç dəfə bahadır. Belə ki, təyyarənin daxili hissəsi qızıl və qızıl suyuna salınmış ornamentlərlə bəzədilib. Bundan əlavə, təyyarənin qızılla işlənmiş salonundakı divarda Türkmənistanın zərli bir xəritəsi də yer alıb. Təbii ki, bütün bunlar başadüşüləndir. Yəni təyyarənin “sahibi vətənpərvər, vətənini sevəndir”.

...Amma sual doğuran məsələ budur ki, illərlə ölkədən heç bir yerə çıxmayan ölkə rəhbərinin bu qədər təmtəraqlı təyyarə hazırlatmasına nə hacət vardı?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə