Artur söz verdi: “Nikolun gələcəyini puç edəcəm...”

Nəhayət ki, ermənilərin bir müddət bundan əvvəl Nikol Paşinyanla bağlı həyata keçirdikləri təcrübə artıq yekunlaşıb. Beləliklə, təcrübə nəticəsində məlum olub ki, Nikol Paşinyan heç bir şeyə yaramırmış. Yəni yaramazın biriymiş. Onun əlindən gələ bilən yeganə şey isə, kiçik fəsadlarla böyük pisliklər yaratmaqdır. Maraqlıdır ki, təcrübə Nikol və onun əfrafı ilə bağlı başqa bir yeniliyi də ortaya qoyub.

Belə ki, aparılan təcrübənin yekununa görə, əgər sabah Ermənistanda hər hansı bir ciddi vətəndaş toqquşmaları yaşanarsa, bu halda Nikolun komandası səfərbər ola bilməyəcək. Çünki indi Nikolun yanında duranların çoxunun ölkədə hər-hansı bir ciddi toqquşma baş verə biləcəyi təqdirdə onun yanında qalma ehtimalları çox azdır. Yəni ölkədə belə bir çey yaşanarsa, Nikol silahdaşları, onu taleyin ümidinə buraxıb, dabanlarına tüpürəcəklər. Səbəb isə dünənədək aktyorluq edib ermənilərə yalan vədlər verən Nikolun psixosunda baş qaldıracaq problemlər olacaq. Bu halda onun öz günahkarlığını və məsuliyyətini silahdaşlarının üzərinə yükləmək meyli də istisna edilmir.

Aparılan erməni təcrübəsinin “başqa bir bəndinə” görə, demə, Nikol döyüşçüdən uzaq, sadəcə bir fəraridir. Bəzi ermənilərə görə, bunu artıq onun seçiciləri də anlamağa başlayıblar. Ona görə də, bu gün Nikol seçicilərinin ümumi faizi ölkə əhalisinin heç 15 faizini də təşkil etmir. Ermənilər sual edirlər: çəkiclə seçici qarşısına çıxmaq nə demək? Ermənilər bunun da səbəbini tapıblar: sən demə, bu onun qorxaqlığına dəlalət edirmiş.

“Bu psix əlinə çəkic alıb ölkəmizin şəhər və kəndlərindən keçir, hamını asfaltın üstünə qoymaqla, divara sürtməklə hədələyir... Bu gün qorxaq birinin siyasi və qanuni gələcəyi hər kəsə aydındır. “Ləyaqətli” millətimizə “xəyanət” etmiş birinin yeri həbsxana olmalıdır. Çünki o artıq bütün qırmızı xətləri çoxdan keçib”.

Bilirsiniz bunları kim deyir: Paşinyanın vaxtilə çörək verdiyi, gətirib Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin direktoru qoyduğu Artur Vanetsyan. Erməni olmasaydı, ona “Nikolun verdiyi çörək tutsun gözünü” deyərdim.

Bilirsiniz burada daha maraqlısı nədir, Vanetsyanın dostlarına verdiyi “müqəddəs erməni andı”. Belə ki, sabiq “çörəkitirən” guya dostlarına söz verib ki, seçkidə qalib gəlib ölkəyə rəhbərlik edəcəyi günün səhəri, Nikolu ayaqyalın başıaçıq İrəvan küçələrində gəzdirib xalqın qarşısında diz çökdürəcək...

...Belə görünür ki, Vanetsyanın “ölkəmizin gələcəyini məhv edən Nikolun gələcəyini puç edəcəyi” barədə dedikləri “çiddi” qəbul edilməlidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə