“İnsanlar dəyişmir, sadəcə olaraq, bəzi hallarda daha böyük yalanlar söyləməyi öyrənirlər”. Deyim ki, bu fikirlərin müəllifinin adını yadıma salmaqda çətinlik çəksəm də, amma fikri təhrif etmədiyimə əminəm...
...Beləliklə, Ermənistanda bəzi ermənilərin bəlkə də “həsrətlə” gözlədikləri seçkilərə artıq sayılı günlər qalıb. Ölkədə baş nazir olmaq istəyən həsrətlilər də seçicilər qabağına çıxıb özlərinə “əl qatıblar”. Maraqlıdır ki, son günlər bəziləri bu “əlqatmanı” daha da şiddətləndiriblər. Yəni “erməni tarixindəki” “dəyərsiz” xidmətlərini, əsl “qanıtəmiz” erməni olduqlarını, erməniləri “gözəl bir gələcəklə” təmin edəcəklərini seçicilərinə sırımağa çalışıb xal toplamağa çalışırlar.
Sizi bilmirəm, amma mən, Ermənistanda baş nazirliyə namizədlər arsında ən “münasib biri kimi” məhz Robert Koçaryanı görürəm.
Yox, yox, doğrudur, Robert qanının əsil erməni qanı-olub olmadığını gizlətsə də, amma o bu gün ermənilər arasında hələ də “təvazökarlıq mücəssəməsi” olaraq qalmaqdadır. Məhz onu erməni xalqına da “sevdirən” budur...
Dogrudur, bir müddət bundan əvvəl sabiq erməni prezidenti Ter-Petrosyan Robert barədə “haqsızlıq edərək” artıq sözlər deyib. Amma bunu onun yaşının çoxluğuna, son zamanlar isə ağlının azalmağa doğru getdiyinə bağışlamaq olar. Bundan əlavə, Ter-Petrosyan həmişə Robert kimi, “əsl döyüşçü və vətənpərvər”lərin motivlərini anlamaqdan uzaq bir adam olub.
...Bəli, bəli “əsil döyüşçü və vətənpərvər”... Erməni məntiqinə görə, təsadüfü deyil ki, bu gün “Azərbaycan səksəkədədir”. “Qorxu içində” ermənilərin keçirəcəyi seçkinin yekununu gözləyir. Məsələ bundadır ki, Azərbaycanda “əsil döyüşçü və vətənpərvər” Robert Koçaryanın yenidən hakimiyyətə qayıtmaq ehtimalına yaman ehtiyatlanırlar. Burada deyirlər ey, “kül olsun başına, ay Hitler... gör, üstünə kim gəlir”...
...Ayə, ayə, deyən, bu erməni düz deyir axı... Təsəvvür edin, Koçaryanın Putinlə “şəxsi, isti və əla dost” münasibətləri var. Doğrudan da, bu balaca məsələ deyil a... Hə, indi nə olsun ki, Putin nə var, nə var bir dəfə “böyük siyasətdə dost olmadığını” deyib. Təbii ki, Putin bunu kimə də eləsə, Koçaryana şamil eləməz.
Bir də erməni xalqı unutmamalıdır ki, elə Türkiyə də başda olmaqla qonşu dövlətlər Roberti “məğlubiyyəti qələbəyə çevirə bilən” biri kimi tanıyırlar deyə, onun hakimiyyətə qayıtmasından “yaman qorxurlar”.
Doğrudur, Koçaryanın bir müddət bundan əvvəl Vladimir Poznerə verdiyi müsahibəsində “ağlı başında olan birisinin revanş haqqında düşünməz” deməsi, əslində, rəqiblərini aldatmağa hesablanıb. Çünki bu gün artıq əksər ermənilər də Robertdə “məğlubiyyəti qələbəyə çevirə bilmək” anlayışının olduğu barədə xəbərdar olmaqdadırlar...
...İmkan verin bir hakimiyyətə gələ bilsin, onda görərsiniz ki, “...camaata it hürər, bizə də çaqqal”...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB