Avropa Birliyi tərəfindən Krım və Sevastopoldakı investisiyalara qoyulan embarqo da daxil olmaqla sanksiyaların müddəti daha bir il uzadılıb.
TASS bu xəbəri Avropa Birliyi ölkələrinin səfirlərinin qərarına istinadən yayıb. Qeyd edək ki, rəsmi mənbələrdən verilən məlumata görə, Avropa Birliyi Şurası, sanksiyaların uzadılmasını gələn həftə təsdiqləyəcək.
Xatırladaq ki, 2014-cü ildə Avropa Birliyi tərəfindən qəbul edilən üç sanksiya paketindən biri yarımadanın Rusiya tərəfindən ilhaq edilməsi ilə bağlıdır ki, bu da deyildiyi kimi, yenidən bir il də uzadılıb. Beləliklə, bundan sonra Avropa gəmilərinin Krım limanlarına girişi, hava daşıyıcılarının Krıma uçması qadağan ediləcək. Bundan əlavə, Rusiya vətəndaşlığı alan krımlıların Birləşmiş Avropa ölkələrindən viza almaq istəyi də yasaq edilib.
Brüsselə görə, bu sanksiyalar Krımın Ukraynaya qaytarılmasına qədər qüvvədə qalacaq. Rusiya Xarici İşlər Nazirliyi isə, öz növbəsində, yarımadanın heç vaxt Ukraynaya qaytarılmayacağını bildirib. Belə görünür ki, ruslara qarşı sanksiya rejimi əbədi olaraq qala bilər.
Onu da xatırladaq ki, Avropa Birliyinin Rusiyaya qarşı daha iki sanksiya paketi də mövcuddur: Ukraynanın şərqindəki sabitliyin pozulmasında iştirak edən Rusiya vətəndaş və şirkətlərinin “qara siyahısı”, digəri isə Rusiya bankları ilə yanaşı dövlətə məxsus neft və müdafiə şirkətlərinə tətbiq olunan sektor məhdudiyyətləri.
Yeri gəlmişkən bildirək ki, “Krımnaş” ifadəsi Ukraynanın Krım üzərindəki nəzarətini itirdikdən sonra Rusiyaya tətbiq olunub. Onu da bildirək ki, bu ifadə 2014-cü ildə neologizmdə “ilin sözü” olaraq qəbul edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB