Doğrudan da, yaman pis şeymiş bu nigarançılıq… Mən bunu ermənilərin bugünkü yaşantılarına istinadən deyirəm. Belə görünür ki, “əzabkeş xalq” yenə də nigarançılıq məngənəsində “boğulur”. Qarşıda keçiriləcək seçki, bu seçkinin qalibinin kimliyi ilə bağlı nigarançılıq “məsum erməni xalqına” dinclik vermir. Onlar nigarandırlar, ona görə ki, birdən, işdi də, olmadı elə, oldu belə, yəni Robert Koçaryan yenidən başının dəstəsi ilə gəlib oturdu Ermənistanın yeni rəhbərliyində. Bəs onda, necə olacaq, təbii ki, bu halda ermənilərdən çox ruslar qazanacaq. Əslinə qalsa, bunu bütün ermənilər deməsə də, amma əksər ermənilər bu fikirdədirlər.
Deyim ki, bunun üçün onların əllərində bəzi “real əsasları” da var. Nədir bu “real əsaslar”? Məsələ bundadır ki, bu gün, yəni seçki ərəfəsində ermənilər arasında Nikol Paşinyandan fərqli olaraq, Robert Koçaryanın reytinqi gündən-günə qalxmaqdadır. Maraqlıdır ki, ermənilər bütün bu baş verənləri Rusiya prezidenti Vladimir Putinin Ermənistana qarşı hazırladığı növbəti planlarından biri kimi qələmə verirlər. Bəs, belə olan halda, görəsən, bu plana qarşı necə mübarizə aparmaq olar?
...Bax, dediyim kimi, erməniləri “üzən” nigarançılıqlardan biri və bəlkə də ən əsası budur.
Amma etiraf edək ki, bəzi ermənilər Putinin Ermənistana “yenidən əl qatmaq” istəməsinə baxmayaraq, Qərbin İrəvanı dəstəkləməyi dayandırmayacaqlarına əmindirlər. Çünki onların düşüncəsinə görə, bu gün Qərbin “erməni tarixinə”, ümumiyyətlə bu ölkənin keçmiş və bu gününə verdiyi töhfələrə görə bu, heç cür mümkün deyil...
Bundan əlavə, axı Ermənistan bölgənin əsas “demokratik dövləti” olaraq Qərbin, əslində, lap elə dünyanın, yaddaşına adını “qızıl hərflərlə” yazdırıb və təbii ki, belə bir “demokratiya mücəssəməsinin” qəyyumluğundan imtina etmək düzgün olmazdı. Erməni düşüncəsinə görə, bunu dünyanın bütün “ermənisevərləri” yaxşı anlayırlar.
Bundan əlavə, Qərb Ermənistanda Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə təkcə onun yox, həm də Rusiyanın faydalanacağını yaxşı görür.
Yadınızda olmalıdır, Rusiya o vaxt “xalqın inqilabı” nəticəsində hakimiyyətə gələn Nikolu ləkələmək üçün nələr etmədi? Amma Putin ünvanı səhv saldığını sonradan anladı. Yenə də ermənilərə görə, o, anladı ki, Ermənistan onun üçün Gürcüstan olmadığı kimi, Paşinyan da Saakaşvili deyil. Bundan əlavə erməniləri, ruslar gürcülər kimi aldatmaq fikrindən düşməsinlər.
Çünki o vaxt aldanıb Saakaşvilini hakimiyyətdən qovan gürcülər indi onun “həsrətini çəkirlər”...
...Bu gün Putinin Qafqazda yüksək paylı böyük bir oyun oynadığını bildirən ermənilər, bu oyunun əsas risk mərkəzində Ermənistanın dayandığını bildirirlər. Ona görə də erməni kimi, “vətənpərvər bir xalqın” nigarançılığı başadüşüləndir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB