Mayamidə atışma - DƏHŞƏT SAÇDI

Mayamidə atışma - DƏHŞƏT SAÇDI

Florida ştatının Mayami əyalətində bir qəlyan barında atışma ilə əlaqədar bir insident baş verib, bir qadın da daxil olmaqla üç nəfər ölüb, daha altı nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə “Local 10 News” telekanalı polisə istinadən məlumat yayıb.

Mayami Polis Departamentinin direktoru Alfredo Ramirezin verdiyi məlumata görə, bazar günü səhər insanlar partidən çıxarkən naməlum şəxslər qəlyan barının çıxışında atəş açıblar. Ölənlər arasında həbsxanada nəzarətçi işləyən bir qadının olduğu da qeyd edilir.

"O gecə cəmiyyətimiz yenidən bir silahlı zorakılıq aktına ağrılı bir şəkildə məruz qalıb. Heç kim bundan sığortalanmayıb. Bu dəfə atışma həbsxana gözətçisinin həyatını da əlindən alıb. Bu qatilləri tapıb cəzalandırmaq üçün biz məsuliyyət daşıyırıq. Qəsdən edilən bu şiddət aktından təsirlənənlərə səmimi başsağlığı verirəm", deyə Ramirez "Twitter" səhifəsində etdiyi şərhdə bildirib.

Qeyd edək ki, altı yaralı yerli xəstəxanaya aparılıb, yaralıların vəziyyəti stabildir.

Nəzərə çatdıraq ki, qəlyan barına iki avtomobillə gələn təcavüzkarlar cinayət yerindən qaçmağa çalışsalar da, avtomobillərdən biri yerli kollec şəhərciyinin divarına çırpılıb.

Avtomobildə iki kişinin cəsədi və odlu silah tapılıb. Hazırda heç bir kəs həbs olunmayıb. Hadisə ilə bağlı istintaq davam edir.

Xatırladaq ki, Mayamidə bənzər bir hadisə may ayının sonunda baş vermişdi. Bu zaman da konsert salonuna ağ rəngli bir yolsuzluq avtomobili daxil olmuş, üç nəfər silah və tapança ilə avtomobildən çıxaraq, küçədəki insanlara atəş açmış və nəticədə iki nəfər ölmüş, 20-dən çox adam da yaralanmışdı.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə