“Hamıdan əvvəl öz sahibini öldürən...paxıllıq...”

“Hamıdan əvvəl öz sahibini öldürən...paxıllıq...”

“Bu gün biz rəsmi Bakı haqqında hər şey deyə bilərik, amma onların “geri aldıqları” Qarabağ torpaqlarında konkret fayda əldə etmək üçün səriştəli işlərini inkar etmək axmaqlıq olar... Hazırda xarici investorlar fəal şəkildə Qarabağdakı tikinti-quruculuq işlərinə cəlb edilirlər. Etiraf edilməlidir ki, onlar bu işə könüllü qoşulurlar”...

Bəli, erməni etirafıdır, əslində, buna etirafdan daha çox erməni paxıllığı da demək olar. İndi onlar həsədlə Britaniyanın “BP” şirkətinin Qarabağda tikdiyi günəş elektrik stansiyasına tərəf boylanırlar. Doğrudur, boyları çatmır, amma əvvəlki adətlərinə rəğmən boylarından yüksəyə atılmağa çalışırlar, amam unudurlar ki, bu oyunları artıq daha keçərli olmayacaq.

... “Bu gün karbohidrogen sektorundakı uzunmüddətli strateji ortağımız “BP” ilə imzaladığımız sənəd yaşıl enerji və dekarbonlaşdırma sahəsində yeni bir əməkdaşlıq səhifəsi açacaq. Ümid edirəm ki, quraşdırılma gücü 240 MVt olan günəş enerjisi layihəsi üzrə “BP” ilə fəal əməkdaşlığımız Qarabağa xarici investisiyalar cəlb edəcək”.

Erməni saytları Azərbaycanın energetika naziri Pərviz Şahbazovun bu fikirlərini əsas gətirərək, işğalçı olduqları 30 ili ərzində Qarabağda heç nəyə nail ola bilmədiklərini “təəssüflə” etiraf edirlər.

Əslində, onlar bu “etiraflarında” bəzi şeyləri səmimi şəkildə demək istəmirlər. Məlumdur ki, Azərbaycan torpaqları işğal altında olduğu 30 ilə yaxın müddətdə bir neçə beynəlxalq şirkət qanunsuz da olsa Qarabağ və ətraf rayonlarda fəaliyyət göstərib. Bəli, məhz qeyri-qanuni şəkildə... Doğrudur, Ermənistan hökuməti 1999-cu ildən sonra bir neçə xarici şirkəti Qarabağa investisiya yatırmağa sövq edə bilmişdi.

Qeyd edək ki, ermənilər daha çox xaricdə yaşayan erməni iş adamlarını Qarabağa investisiya yatırmağa cəlb etmək istəyirdilər. Amma unutmayaq ki, erməni ermənini hər halda bizdən daha yaxşı tanıyır. Ona görə də, xaricdəki erməni əsilli iş adamlarının əksəriyyəti Ermənistanın onlara etdiyi “şirin” təkliflərdən imtina edirdilər. Xatırlayıram, həmin ərəfədə Ermənistana səmayə yatıran erməni əsilli fransalı bir qadın sonradan aldadıldığını etiraf edərək, Fransadakı həmkarlılarını Ermənistanın “şirin dilinə” uymamağa çağırmışdı.

Amma buna baxmayaraq, ümumilikdə həmin ərəfələrdə Azərbaycanın işğal olunmuş ərazilərində 20-dən artıq ölkənin şirkəti qanunsuz olaraq fəaliyyət göstəriblər.

Amma ötən il Qarabağda “gözlənilən təhlükəni” hiss edən xarici investorlar “asta qaçan namərddir” deyib aradan çıxıblar.

...“İndi də İtaliya, Böyük Britaniya, ABŞ, İsrail, Yaponiya və Çin şirkətləri Qarabağda fəliyyət göstərmək üçün Azərbaycana müraciət edirlər. Onlar bunun özləri üçün sərfəli olduğu anladıqları üçün Qarabağa investisiya yatırmaq istəyirlər. Həm də ona görə ki, Azərbaycan rəhbərliyi onlara bütün lazımi təminatları verir, onlar üçün lazım olan bütün qapıları açır”.

Deyim ki, bunları yazan erməni saytları sual edirlər: Bəs, ötən 30 il ərzində Ermənistan hakimiyyətinə bu işləri həyata keçirməyə nə mane olurdu?

Təbii ki, həmin ərəfədə Qarabağa investesiya yatıran xarici iş adamlarının hamısı da olmasa, amma ermənilərin çoxu gördükləri işin müvəqqəti xarakter daşıdığını yaxşı anlayırdılar. Buna görə də, onlar səksəkə içində yaranmış vəziyyətdən yararlanmağa çalışıb, daha çox talamağa çalışırdılar.

Yeri gəlmişkən, bu gün Qarabağda fəaliyyət göstərmək üçün Azərbaycana müraciət edən dövlətlər arasında, hələlik, Fransa şirkətlərindən heç bir sorğu daxil olmayıb(?). Təbii ki, bunun müvəqqəti xarakter daşıdığını heç kim istisna etmir.

Məsələ bundadır ki, bir müddət bundan əvvəl Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidenti İlham Əliyevi “Respublika Günü” münasibəti ilə təbrik etməsi ermənilərə yaman yer eləyib. İndi ermənilər, hazırda “yeganə ümid yerləri” bildikləri Fransanın da onları “qurban verə” biləcəyini istisna etmirlər. Təbii ki, bunun da erməni paxıl və xainliyindən irəli gəldiyi başadüşüləndir.

...İmam Əlinin belə bir hədisi var, deyir ki, “...afərin paxıllığa, nə ədalətli peşədir, hamıdan əvvəl öz sahibini öldürər”...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə