Rusiya səfirliyi ittihamları rədd edir

Rusiyanın ABŞ-dakı səfirliyi bir sıra KİV-lərin Moskvanın ABŞ-da boru kəməri operatoru olan Colonial Pipeline-ın dağıdılmasında iştirak edə biləcəyi barədə xəbərlərini qəti şəkildə rədd edib. SİA xəbər verir ki, bu barədə səfirliyin Facebook səhifəsində qeyd olunur.

Qeyd edək ki, 8 may tarixində Colonial Pipeline, sistemlərinə kiberhücum olduğunu elan edib və Rusiyanın iştirakı qeyd edilib. Şəbəkə müdaxiləsinə cəhd olaraq şirkət bəzi sistemləri bağlamalı olub, çünki təhlükə bütün boru kəmərləri əməliyyatlarını müvəqqəti dayandırıb və bəzi məlumat sistemlərinin təhlükəsizliyinə təsir edib.
"Səfirlik bir sıra KİV-lərin boru kəmərinə kiber hücumda ittiham etmək cəhdlərinə diqqət çəkib. Eyni zamanda Amerika səlahiyyətliləri hadisəni “DarkSide” cinayətkar qruplaşmasında günahlandırır və konkret ölkələrlə əlaqələndirmirlər. Ayrı-ayrı jurnalistlərin əsassız uydurmalarını qəti şəkildə rədd edirik və Rusiyanın virtual məkanda “zərərli” əməliyyatlar aparmadığını bir daha təkrarlayırıq”, deyə səfirliyin Facebook səhifəsində bəyan edilir.

Xatırladaq ki, bəzi KİV-lər hadisəni Rusiyanın qlobal şəbəkə məkanındakı hərəkətləri ilə əlaqələndirməyə çalışıblar, ancaq ABŞ Prezidenti Co Bayden, Amerika kəşfiyyatının kiberhücuma qarışan Rusiya dövlət orqanlarının nümayəndələri olduğuna dair məlumata sahib olmadığını söyləyib. Eyni zamanda Amerika lideri bununla məşğul olanlar arasında Rusiya da ola biləcəyini istisna etməyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə