Tacikistanla Qırğızıstan anlaşdı: MÜHARİBƏYƏ SON

Tacikistanla Qırğızıstan anlaşdı:  MÜHARİBƏYƏ SON

Qırğızıstan və Tacikistan sərhəddə atəşkəs barədə razılığa gəliblər. SİA xəbər verir ki, bunu Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev tacik həmkarı Saimumin Yatimovla danışıqlardan sonra deyib.

“Xalqlarımız çətin anları yaşayır. Hər iki ölkə üçün bir faciəmiz oldu. İşi aparmaq bizim üçün çətin idi, lakin buna baxmayaraq dövlətlərimizin başçılarının təlimatı ilə atəşin tamamilə dayandırılması və bütün hərbi birləşmələrin daimi yerləşdirmə yerlərinə çəkilməsi barədə qərar verdik”, deyə bildirib.

"Bundan sonra hörmətli qonşularımızın səyləri və səylərimizlə ölkələrimizdə, xüsusilə sərhəd bölgələrində sülh və əmin-amanlıq gələcək", Kamçıbek Taşiyev deyib.

Qırğızıstan sərhəd xidmətinin mətbuat mərkəzi hər iki ölkə hərbçilərinin birgə yoxlamaya başladıqlarını əlavə edib: "Sərhəddəki vəziyyət nisbətən sabitdir".

Bundan əlavə, sərhəd xidmətinin qeyd etdiyi kimi, Oş-İsfana magistral yolunda nəqliyyatın hərəkəti yenidən bərpa olunub.

KTMT Baş katibi Stanislav Zas Tacikistan və Qırğızıstandan sərhəddəki mövcud vəziyyətin həllində kömək təklif edib. “Münaqişə yalnız danışıqlar masasında sülh yolu ilə həll olunmalıdır. Bunun üçün KTMT Qırğızıstan və Tacikistana, əgər quruma müraciət edərlərsə, münaqişənin həllində lazımi köməkləri göstərməyə hazırdır. İnsanların daha çox ölümünə və əzab çəkməsinə icazə vermək olmaz”,deyə Zas bildirib.

Təşkilatın baş katibi hər iki tərəfdən vəfat etmiş insanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Bütün xəbərlər Facebook səhifəmizdə