Dünyanın az məhbusu olan ölkəsi - Ermənistanmı?

Dünyanın az məhbusu olan ölkəsi  - Ermənistanmı?

Erməni saytları böyük bir şadyanalıqla Avropa Şurasını Ermənistanı ən az sayda məhbusu olan ölkələr sırasına saldığını bildirirlər. Bunları erməni xalqına böyük Ermənistanın “gənc və perespektivli” ədliyyə naziri Rüstəm Badasyan şəxsi “Facebook” səhifəsində bəyan edib. Badasyan bununla belə, Ermənistanın Avropa Şurasının reytinqindəki mövqeyini də gücləndirdiyini bildirib. SİA bunu erməni mətbuatına istinadən dərc edir.

Badasyan bunları havadan demir. Dəqiq olan statistik rəqəmlər də gətirir. Baxın, 2018-ci ildə Ermənistanda 3536, 2019-cu ildə - 2666, 2020-ci ildə isə cəmi- 2221 məhkum cəza çəkirdi ki, bu il onların da sayı təxminən 50,4 faiz azalıb.

Təbii ki, bu dünyada analoqu olmayan ən aşağı göstəricidir. Lap elə dünya ölkələrinə “gözdağı” verə biləcək bir göstəricidir.

Sizcə, ölkədə məhkumun az olması nəyə dəlalət edir? Təbii ki, o xalqın mədəni və eyni zamanda yüksək intellektə malik olmasına... Belə görünür ki, ermənilərin ədliyyə naziri Rüstəm Badasyan da belə mədəni, yüksək intellektə sahib olanlardan biridir. Amma...

...Gəlin bir az elə də uzaq olmayan keçmişə qayıdaq. Belə ki, bir müddət bundan əvvəl, yəni 44 günlük müharıbə ərəfəsində erməni saytlarının birində ölkə rəsmilərinin gizlədə bilmədiyi bir yazı getmişdi. Yazıda deyilirdi ki, Ermənistanın Pentensiar Xidməti Müdafiə Nazirliyi ilə məsləhətləşərək erməni türmələrindəki məhkumları ən çox ehtiyac yaranan döyüş mövqelərində yerləşdirmək qərarına gəliblər.

...Ermənistanda da ki, gözəl adlar daşıyan nə qədər desən həbsxanalar var.

Beləliklə, filan qədər “Nubaraşen”, filan qədər “Vanadzor”, filan qədər də “Armavir” həbsxanalarında cəza çəkən məhbuslardan təşkil olunmuş “erməni ordusu” Qarabağa göndərilib.

Maraqlıdır ki, həmin ərəfədə bu proses məxfilik şəraitində həyata keçirilsə də, bəzi məhkumların yaxınları bundan xəbər tutaraq erməni ombudsmana şikayət də etmişdilər. Yəqin həmən şikayət barədə ölkənin ədliyyə naziri olan Rüstəm Badasyan “xəbərsiz” olub.

...İndi, Rüstəm Badasyana xatırlatmaq istəyirəm: indi məlum olur ki, filan qədər məhbus o vaxt “azadlığa buraxılıb”, filan qədərini də ötən gün Nikol Paşinyan “əfv” edib. Bu hesabnan, görürük ki, Ermənistandakı həbsxana nəzarətçilərini də öz hesablarına məzuniyyətə göndərmək lazım gələcək.

Bundan əlavə, görünür Avropa Şurası hesablamanı düzgün aparmayıb. Çünki, mənim hesabımla, Ermənistan “ən az sayda məhbusu olan ölkələr sırasında” birinci yeri tutmalıydı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə