Nikolun erməni fərarilərinə olan ümidi... - SARKAZM

Nikolun erməni fərarilərinə olan ümidi... - SARKAZM

Siz heç evdə ilan saxlayıb böyüdən və daha sonra elə həmən ilan tərəfindən sancılaraq öldürülənlər barədə eşitmisinizmi? Təbii ki, eşitməmiş olmazsınız. Əslində, mən bunu təkcə ilan böyüdüb sonra onun qurbanına çevrilənlərə aid etmək istəmirəm. Çünki belə qurbanlar evdə vəhşi şir və hətta it saxlayanlarla da yaşana bilər.

Nə demək istəyirəm? Bəli, ötən gün erməni baş nazir Nikol Paşinyan, bəzi istisnalarla, Ermənistandakı əksər həbsdəkiləri əfv etmək qərarına gəlib. Təbii ki, dəyərləndiriləsi qərardır. Amma bəzi ermənilər Nikolun bu qərarına da qoymağa “qulp” axtarırlar. Deyəsən, tapıblar da.

Beləliklə, Paşinyan hökuməti son 44 günlük müharibədə xidmət etdiyi hissəni qoyub dabanına tüpürüb qaçan, yəni fərarilik edən erməni əsgərlərinə amnistiya vermək qərarına gəlib. Layihə artıq 27 yaşı tamam olmuş və 26 sentyabr 2020-ci il tarixinədək hərbi xidmətdən və ya hərbi təlimlərdən yayınan erməni gənclərinə aiddir. Guya onlara qarşı cinayət işləri dayandırılacaq və barələrində verilmiş axtarış tədbirləri ləğv ediləcək. Bundan əlavə, hökumətin təklifinə görə, hərbi xidmətdən yayınmaq üçün bir müddət Ermənistanı tərk edən bütün ermənilər tezliklə ölkəyə sağ-salamat qayıda bilərlər. Heç qorxub eləməsinlər. Ölkədə onlara toxunan-filan olmayacaq.

Ermənilər belə gözəl bir layihənin ölkə parlamenti tərəfindən qəbul ediləcəyinə və hətta prezidentin təsdiq edəcəyinə də şübhə etmirlər. Beləliklə, əvvəllər hərbi xidmətə getməkdən imtina edib əvəzində dövlətə ödəniş edənlər də daha xərac verməkdən qurtulacaqlar. Əlbəttə, siz bütün bunları ermənilərin silahlı qüvvələrində aparılacaq islahatlar kimi yozmamalısınız.

Ermənilərə görə, hələ də olanları unudub, özünə olan böyük xalq sevgisindən danışmağı çox sevən Paşinyan, əslində bütün bu əfvlə, filanla özünü sığortalamaq istəyir.

Əslində, dünən mən də son yazıda bunu ehtimal edirdim. Yəni Nikolun əfv elədiyi erməni fərarilərinin səsi uğrunda döyüşə girdiyini istisna etmirdim.

İndi artıq Nikolun yerinə keçib, baş nazir olmaq istəyən ermənilər, onun bu təşəbbüsünü çox pisləyirlər. Onlar erməni fərarilərini cəmiyyətin ən biabırçı, xain, dövlət əleyhinə olan təbəqəsi kimi təqdim edirlər. Onların şəxsi qurtuluşlarını vətənin qurtuluşundan üstün tutanlar olduğunu bildirirlər.

Amma bununla belə, onlar bir şeyə ümid bağlayırlar. Bilirsiniz nəyə, əfv olunan məhbusların əksəriyyətinin Paşinyana səs verməyəcəklərinə. Mən sizlərə yuxarıda evində ilan, şir daha nə bilim nə böyüdənlərin sonradan öz sahibinə vəfasızlığı barədə misal gətirmişdim axı. Bax, Paşinyan əleyhdarlarına da ümıd verən budur.

...Amma sizi bilmirəm, mən hələ də hakimiyyətdə olduğu üç ilə yaxın dövrdə erməni iqtisadiyyatına elə də bir uğur gətirməyən Nikolun bu ərəfədə Ermənistanda bu qədər fərari yetişdirdiyini anlaya bilmirəm(?).

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə