“Öldürəcəklərimi heç kim Ukraynaya dəvət etməyib”

Kravçuk düşməni şəxsən öldürməyə hazır olduğunu açıqlayıb
“Öldürəcəklərimi heç kim Ukraynaya dəvət etməyib”

Ukraynanın ilk prezidenti, Donbass üzrə Üçtərəfli Əlaqə Qrupuna Kiyev nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk “Ukrayna 24” telekanalına verdiyi açıqlamada ölkənin cənub-şərqində yenidən hərbi qarşıdurmanın baş verəcəyi təqdirdə “Ukrayna düşmənlərini” şəxsən öldürəcəyinə söz verib.

SİA bu barədə rus mətbuatına istinad edir.

Onun sözlərinə görə, indi Rusiyanın “Krımı içməli su ilə təmin etmək” adı altında Donbasa genişmiqyaslı hücuma keçəcəyini istisna etməmək mümkün deyil. Buna görə, ukraynalı siyasətçi ABŞ da daxil olmaqla dünyadakı bütün demokratik qüvvələrin Ukraynanı müdafiə etmək üçün ayağa qalxmağa çağırış edib.

Bundan əlavə, diplomat yaşla bağlı görmə problemlərinə baxmayaraq, ölkəsini müdafiə etməyə hazır olduğunu vurğulayıb. Ötən il ovda olarkən 150 metrdəki hədəfi vurmaqla, yanındakıları təəccübləndirdiyini bildirən Kravçuk silah götürüb Ukrayna düşmənlərinə qarşı döyüşməyə hazır olduğunu da gizlətməyib.

Öldürəcəklərinin kimliyi ilə maraqlanmayacağını bildirən sabiq prezident, bu addımını onların ölkəsinə dəvət edilməməsi ilə əlaqələndirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə