Rusiya - Ukrayna: müharibə yaxınlaşır?

Rusiya - Ukrayna: müharibə yaxınlaşır?

Dünya yenidən “nehrə kimi” çalxalanmağa başlayıb.

Belə ki, Moskva ilə Qərb arasında artan hərbi gərginlik fonunda Rusiya Donanması Baltik dənizində mütəmadi hərbi təlimlərə başlayıb.

SİA rus mətbuatına istinad edir.

Qeyd edək ki, Mərkəzi Avropada böyük bir silah konsentrasiyasına sahib Rusiya anklavı olan Kalininqrad bölgəsi uzun müddət NATO mərkəzi komandanlığının narahatlığına səbəb olmaqdadır. Rusların yazdığına görə, bu da əsassız deyil. Çünki son zamanlar NATO təyyarələri bu ərazilərdə fəallaşmağa başlayıblar. Bunu tez-tez Kalininqrada səfər edən Rusiyanın rəsmi nümayəndələri də təsdiq edirlər.

Onu da bildirək ki, Rusiya silahlı qüvvələrinin Baltikyanı bölgədəki fəaliyyətinin intensivləşdirilməsi bu ilin sentyabrında Belarusiya silahlı qüvvələri ilə birgə keçiriləcək genişmiqyaslı WEST-2021 təliminə zəmin hazırlayır.

Xatırladaq ki, 2016-cı ildə “RAND” korporasiyası öz hesabatında “NATO-nun Şərq cinahında saxlama qabiliyyətinin gücləndirilməsi”nin Moskvaya Baltik bölgəsində əhəmiyyətli bir taktiki üstünlük əldə etməyə sövq etdiyini bildirir.

Hazırda rusların Qərbi hərbi dairə qüvvələrinin həm say, həm də keyfiyyətcə NATO-nun Baltik bölgəsindəki hərbi mövcudluğundan üstün olduğunu bildirilər. Yada salaq ki, hələ 2017-ci ildə keçirilmiş son "WEST" təliminə ruslar 680 vahid hərbi texnika, 13 minə yaxın isə Rusiya və Belarus hərbçisini qatmışdı.

Yeri gəlmişkən bildirək ki, “RAND” korporasiyasının hesabatında Rusiyanın Baltikyanı ölkələrə genişmiqyaslı hücumuna qarşı çıxmaq üçün NATO-nun adi vasitələrin olmadığı etiraf edilsə də, lakin belə bir ssenarinin mümkünlüyünə inamsızlıq da bildirilir. Məsələ bundadır ki, son illərdə Baltikyanı ölkələr öz müdafiə xərclərini artırmaq üçün mütəmadi addımlar atsalar da, ancaq bu tədbirlər Kremlin Qərb sərhədləri yaxınlığında ardıcıl hərbi gücləndirilməsi ilə əvəzlənməkdədir.

Onu da bildirək ki, Rusiya ilə Qərb arasındakı son gərgin münasibətlər nə qədər ağırlaşsa da, yalnız Baltik bölgəsində müşahidə olunmur. Bu gün Kiyev və Moskva yenidən müharibəyə hazır vəziyyətdədirlər. Bu, Donbasda davam edən qarşıdurmanın kəskin artmasından və Kremlin hərbi texnika ilə dəmir yolu qatarlarını Rusiyanın işğalı altındakı Krıma göndərdiyi bir şəraitdə baş verir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə