Kreml Kiyevin NATO-ya mümkün qəbulu barədə...

Kreml Kiyevin NATO-ya mümkün qəbulu barədə...

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın NATO-ya üzv olmasının ölkəyə yalnız zərərdən başqa bir şey verməyəcəyini bildirib. Xatırladaq ki, bir müddət bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski, Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberqlə Donbasdakı təhlükəsizlik vəziyyətinin kəskinləşməsini müzakirə edərək bloka üzvlüyün münaqişəyə son qoymağın yeganə yolu olduğunu bildirmişdi.

SİA bu barədə rus mətbuatına istinad edir.

Ukraynanın NATO-ya qəbulunun bu ölkənin daxili probleminin həllinə kömək etməyəcəyini deyən Peskov, əksinə bunun vəziyyəti daha da gərginləşdirəcəyini bildirib. Mətbuat katibi özlərini “müstəqil” elan etdiyi DPR və LPR-də yaşayan milyonlarla insan üçün belə bir qərarın qəbuledilməz olduğunu xatırladıb.

Xatırladaq ki, Ukrayna Ali Radası 2014-cü ilin dekabrında dövlətin bloklara qoşulma statusundan imtina edərək, iki qanuna dəyişiklik etdi. Bundan bir müddət sonra, 2016-cı ildə ölkə səlahiyyətliləri Ukraynanın NATO üzvlüyünü xarici siyasət hədəfi elan etdi. 2019-cu ilin fevralında Ukrayna parlamenti konstitusiyaya düzəlişlər qəbul edərək ölkənin AB və NATO-ya istiqamətini təmin etdi. Bundan sonra, Ukrayna NATO-nun inkişaf etmiş tərəfdaşı statusu alan altıncı dövlət oldu.

Qeyd edək ki, əvvəllər bu statusu Avstraliya, Finlandiya, Gürcüstan, İordaniya və İsveç almışdı. Bildirək ki, NATO-nun sabiq baş katibi Andres Foq Rasmussen alyansa qoşulmaq üçün Ukraynanın icrası çox vaxt tələb edəcək bir sıra meyarlara çatmasının lazım olduğunu bildirmişdi.

Bundan başqa, mütəxəssislər Kiyevin yaxın 20 ildə NATO-ya üzv olmaq üçün müraciət edə bilməyəcəyinə ümid edirdilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə