Hələ ki, Vaqeni rusların əlaltısı olması qane edir

Hələ ki, Vaqeni rusların əlaltısı olması qane edir

“Ermənistanın Türkiyə ilə dinc yanaşı yaşaması mümkün deyil”. Bilirsiniz bu fikirləri kim deyir- ermənilərin “Çiçəklənən Ermənistan” parlament fraksiyasından olan deputat Vaqe Enfiadjanyan. O, hələ əsaslar da gətirir. Türkiyənin Ermənistanla bəzi şərtlərlə(?) danışdığını, Ankaranın İrəvana qarşı tələblər irəli sürdüyünü bildirir.

SİA erməni mətbuatına istinad edir...

Türkiyənin Ermənistanla sərhədi bağladığını bildirən Enfiadjanyan 44 günlük müharibə ərzində türklərin azərbaycanlılara göstərdiyi köməyi də diqqətə çatdırıb. Onun sözlərinə görə, guya Türkiyə Ermənistanın “suveren ərazilərinə” “təcavüz edərək” onları mühüm tranzit ərazilər kimi qəbul etdirmək istəyir.

Erməni deputat həmvətənlərinə sual edir: siz, doğrudanmı, türkləri ermənilərin dostu kimi qəbul etmək istəyirsiniz?

Xatırladım ki, son günlər müxtəlif səviyyələrdə ermənilərin səlahiyyətli nümayəndələri Türkiyə ilə dostluq əlaqələri qurmağın zəruriliyi üçün lobbiçilik etməyə başlamağa start veriblər. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, “Mənim addımım”ın vitse-spikeri Lena Nazaryan və bir sıra digər dövlət rəsmiləri də artıq fikir bildiriblər. Qeyd edilməlidir ki, bu məsələ erməni cəmiyyətindəki sosial təbəqələr arasında müxtəlif reaksiyalara səbəb olub. Təbii ki, bir çox ermənilər hələ də ümidlidirlər. Onlar, Rusiya hələ ki, arxa planda olsa da, ABŞ və Qərbin ermənilərə göstərəcəyi yardıma böyük ümid bəsləyirlər.

Maraqlıdır ki, bir müddət bundan əvvəl filosofluq edib Qərbə “canıyananlıq” edən Vaqe Enfiadjanyan İtaliya, Fransa və İngiltərə sakinlərinin əksəriyyətinin ölkələrindəki miqrantlarla əlaqəli vəziyyətin pisləşdiyini bildirmişdi. Guya Yaxın Şərqdən, Afrika qitəsindən Avropaya qaçıb gələn filan qədər qaçqın ermənilərin “qərbli qardaşlarını narahat” etməyə başlayıblar. Amma, nədənsə, Enfiadjanyan hələ 44 günlük müharibənin başlamasından əvvəl Ermənistandan qaçıb Türkiyədə miqrant həyatı yaşayan ermənilərin 100 mindən artıq olduğunu deməyi unudur.

Müharibənin başladığı dövrdə həmən o 100 minlik miqranta əlavə filan qədər erməninin də qatıldığını deməyi yadından çıxarır. Deyirsiz bilmir, çox yaxşı bilir, amma demir, hələ ki, deməyəcək də, çünki o, “əsl erməni”dir. O, hələ ki, yardım gözlədiyi Qərbdən fərqli olaraq, Türkiyənin qaçqınlarla bağlı giley etmədiyini də deməyəcək.

...Belə görünür ki, bir vaxtlar türklərin ünvanına “hədyan” danışıb sonradan səhvini qanan və hətta türklərin köpəyi belə olmağa hazır olan Ermənistan Xristian Demokrat partiyasının lideri Levon Şirinyandan fərqli olaraq, Vaqe Enfiadjanyan hələ də rusların əlaltısı olmağı üstün tutur...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə