Nikol seçkidən qurtulmaq üçün yol tapıb?

Nikol seçkidən qurtulmaq üçün yol tapıb?

“Son günlər Ermənistanda koronavirus infeksiyası ilə xəstələnmədə 90 faiz artım qeydə alınıb. Qarşıdakı həftədə daha 7000-dən çox yeni xəstələnmə halının qeydə alınacağı ehtimal edilir”. Qeyd edək ki, bunu Ermənistan Səhiyyə Nazirliyinin Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktor müavini Qayane Saakyan jurnalistlərə verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda Ermənistanda epidemioloji vəziyyət çox ciddidir. Xəstəxanalarda sıxlıqdır, çarpayı sayı praktik olaraq tükənib. Virusa yoluxanların sayı isə artmaqdadır. SİA erməni mətbuatına istinadən yazır.

Maraqlıdır ki, Ermənistanda Paşinyanın əleyhdarları Qayane Saakyanın “xəstələnmədə 90 faiz artımını” Nikolun növbəti oyunu kimi dəyərləndirirlər. Onlara görə, baş nazir bu yolla ölkədəki etiraz aksiyalarının keçirilməsini məhdudlaşdırmaq və ümumiyyətlə, vətəndaşlar üzərində total nəzarət yaratmaq istəyir. Paşinyan əleyhdarlar artıq Nikolun bu oyunlarının keçməyəcəyini bildirirlər: “Çünki Paşinyan bununla xalqı qorxuda bilməz”.

Qeyd edilməlidir ki, Nikolu istəməyənlərin dediklərinə baxmayaraq, bu gün koronovirusla bağlı vəziyyət Ermənistanda çox acınacaqlıdır. Xatırladaq ki, bir müddət bundan əvvəl ermənilər 24 min doza “Astra Zeneca” peyvəndi alıb. Görünür, bu işə elə də yarımayıb.

Yeri gəlmişkən bildirək ki, ingilis-isveç dərman şirkətinin məhsulu olan “Astra Zeneca” peyvəndindən, effektsizliyinə görə, artıq Avropanın əksər ölkələri imtina ediblər. Hətta Tayland və Konqo kimi ölkələr də bu dərmanın alınmasına qadağa qoyublar. Amma az qala bütün dünyanın imtina etdiyi bu dərmanı Ermənistan hələ də almaqda davam edir. Maraqlıdır ki, bu sahə ilə az-çox məşğul olanlara görə, Paşinyan hökuməti bütün bunları şüurlu şəkildə həyata keçirir.

Çünki Nikol səlahiyyətlilərinə hazırda ölkədə virusa yoluxma hallarının kəskin və çox təhlükəli şəkildə artması, ümumiyyətlə epidemioloji vəziyyətin pisləşməsi şəklində arqumentlər lazımdır.

Bundan əlavə, Nikol əleyhdarları koronavirus mənzərəsini şişirtməkdə Paşinyanın başqa bir məqsədinin dayandığını da bildirirlər. Onların fikrincə, erməni baş nazir “xəstələnmədə 90 faiz artım” kimi “saxta bir deyimlə”, sadəcə olaraq, seçkilərin vaxtını dəyişməyə çalışır.

Əslində belə bir “xəstə bolluğu”nda seçkilərin ləğv oluna biləcəyinə inanmaq üçün bütün əsaslar var. Bundan əlavə, gözlənilən seçkinin ləğvini sadə xalqa da izah etmək üçün hazırda ölkədə fors-major vəziyyətə ehtiyac var. Məhz bundan yararlanmağa çalışan Nikol səlahiyyətliləri bu gün ölkədə koronavirus vəziyyətini fors-major vəziyyətinə gətirirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə