“Dvornik” rus agenti imiş?

Estoniyanın paytaxtı Tallində həyətləri süpürən, yəni rusların “dvornik” adlandırdıqları Sergey Seredenkonu həbs ediblər. Verilən məlumata görə, o, yerli dövlət təhlükəsizlik əməkdaşlarını müxalifəti təqib etdiyi üçün tənqid edirmiş. Estoniyanın səlahiyyətli orqanları Seredenkodan respublikanın təməllərini sarsıtmağa yönəlmiş fəaliyyətindən şübhələndiklərini bildiriblər.

SİA bu barədə rus mətbuatına istinad edir.

Eston mətbuatının verdiyi məlumata görə, rus “dvornik” hələ mart ayının əvvəlində nəzarətə götürülübmüş. Onun sosial şəbəkələrdəki yazışmaları da izlənilirmiş.

Rus mətbuatı Seredenkonun həbsinin əsl səbəbini onun uzun müddət Estoniyadakı rusdilli sakinlərin hüquqlarını müdafiə etməsində görür. Təsadüfi deyil ki, Tallinda çoxları onu “Rusiya Ombudsmanı” kimi tanıyırmışlar.

Xatırladaq ki, Seredenkonun özü Estoniyadakı müxaliflərə qarşı repressiya problemi ilə məşğul olmaq üçün hələ 2015-ci ildə Latviya ictimai xadimi Aleksandır Gaponenko ilə birlikdə “Baltikyanı bölgədə müxaliflərin təqibi” adlı hesabat hazırlamışdılar. Hesabatda Latviya və Estoniyada Rus icmalarının liderlərinin sistematik şəkildə təqib olunduğu bildirilirdi. Seredenkonun sözlərinə görə, onun həbs edilməsinin əsas səbəbi Estoniyada rus dili və mədəniyyətini qorumaq sahəsində göstərdiyi fəallıqdır.

Yeri gəlmişkən bildirək ki, bu gün Baltikyanı respublikaların dövlət təhlükəsizliyi hökumətin ideologiyasına zidd olan nəşr və hadisələri cinayət hesab edir.

Bundan əlavə, bildirək ki, bu gün Baltikyanı respublikalarda rus fəallarına ”Moskvanın kuklaları” deyilir və “rusların hüquqlarının qorunması faktı xüsusi xidmət orqanları tərəfindən təhdid kimi qəbul edilir”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə