Ermənistanda kim yaxşı yaşayır?

Ermənistanda kim yaxşı yaşayır?

Ermənilərə görə, Paşinyanla bağlı hər şey aydındır. Yəni o, Ermənistanın göbəyində hələ də qorxusuz-hürküsüz “şah kimi” yaşayır. Onlar bunu Nikolun “türklərdən aldığı dəstəklə” əlaqələndirirlər. Yəni, Ermənistanı “türk vilayətinə çevirmək” siyasəti aparan Paşinyan, indi də "bu siyasəti davam etdirdiyinə görə" yaxşı da yaşayır.

Prezident Aram Sarkisyanla bağlı məsələ isə... hə, buradakı hər şey qalın London dumanı ilə örtülüdür.

Məsələn, bir müddət bundan əvvəl Nikolun istefasını tələb edən prezident Armen Sarkisyan indi onun təqdim etdiyi bütün fərmanları heç oxumadan imzalayır. Paşinyanın kadr qərarlarını bacardığı qədər tanıtmağa kömək edir və ölkənin gələcəyi ilə bağlı problemləri onunla müzakirə edir. Deməli, təminatı yaxşıdır, o da baş nazir kimi yaxşı yaşayır. SİA erməni mətbuatına istinad edir.

Yadınızda olar, Syunikdə Nikola “mən satqına əl vermərəm” deyib onun əlini sıxmaqdan imtina edən erməni rahib vardı. Bir müddət onun necə yaşadığı barədə xəbərlər olmasa da, deyirlər indi pis yaşamır. Syunikdəki kilsədə telefonun olub olmadığını deyə bilməsəm də, amma onun sonradan Nikola telefon açıb “üzürxahlıq” etdiyini deyirlər. Deməli, onun da bundan sonra yaxşı yaşamağa haqqı var.

Bundan başqa, bu gün Ermənistanda Paşinyanla həmfikir olub yalanlarla diz üstü yaşamağa vərdiş edənlər yaxşı yaşaya bilərlər.

...Əslində, bunu bilərdilər kimi də işlədə bilərik. Çünki ötən gün ermənilərin “gərəkli” investisiya mütəxəssisi olan Vahan Lalayan yenə də bədbin xəbərlərlə erməni jurnalistlərinin qarşısına çıxıb. 2020-ci ilin yanvar-sentyabr aylarında Ermənistanda xarici investisiyaların həcminin 105 milyon dollar təşkil etdiyini deyən Lalayan hazırda birbaşa investisiya həcminin 600 min dollar olduğunu deyib. O, başqaları duyuq düşməsin deyə, bunun bir müəssisə dövriyyəsindən də az olduğunu elə pıçıltıyla deyib ki, hətta ilk cərgədə oturan jurnalistlər belə güclə eşidiblər.

Etiraf etməliyik ki, Lalayan burada çox bic tərpənib. “Yaman günün ömrü az olar” deməyi unutsa da, deyib ki, problemlər Ermənistanda təklif olunan qanunlar və qanun layihələri, o cümlədən əmlak müsadirə və bank sirri ilə əlaqədardır. Lalayan daha sonra ölkədəki “müvəqqəti” çətinlikləri qeyri-müəyyənlik, siyasi qeyri-sabitlik və daha nə bilim nələrləsə əlaqələndirərək, bunun həlli yolunun, başqaları kimi, özünün də gözlədiyini gizlətməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə