Paşinyana qarşı yeni “qadağa”

Paşinyana qarşı yeni “qadağa”

“İstədiklərimizə çatırıq, Paşinyan artıq bundan sonra ölkə daxilində sərbəst şəkildə hərəkət edə bilməyəcəyini anlamağa başlayır”. Nədir məsələ? Məsələ bundadır ki, bu gün baş nazir Nikol Paşinyan erməni prezident Armen Sarkisyanla prezident iqamətgahında görüş keçirməyi planlaşdırır. Bir dəstə erməni də yığışıb onun yolunu bağlamaq niyyətindədir. Elə bil gəlin qabağı kəsəcəklər. Bu bir dəstə erməniyə deyən gərək, prezident iqamətgahına yol bir dənədir məgər? İcevanda doğulsa da, sizlərdən fərqli olaraq, Nikol İrəvanı beş barmağı kimi tanıyır. İstəsə, prezident iqamətgahına min dənə alternativ yol tapar. İndi Nikola “xox” gəlməklə deyil ki...

Hər şeyin həddi var axı... Daha bu “binəva”ya nə ad qoymamısınız? Baş nazırdir axı, amma siz onu gah təlxək, gah sehirbaz, gah da nə bilim, yalançı çağırırsınız. Hər işinə irad tutursunuz. İndi də başlamısınız ki, “o boyda erməni torpaqlarının” itirilməsinə “rəvac” verən Nikol necə olur ki, hələ də hakimiyyətdədir.

Bununla belə, prezident Armen Sarkisyanı da “böyük Ermənistan olmağa az qalmış” ölkəni fəlakətə aparan xainlə görüşəcəyini başına vurub, yaşlı adamı da günahkar çıxarırsınız. Doğrusu, prezidentə məsləhət vermək, ona Paşinyan prezident iqamətgahına gələndə, “xain, istefa verib rədd ol” deyib, qovmaq Armen Sarkisyan kimisinə yaraşmaz.

Özünüz də deyirsiniz ki, Nikolu son günləridir deyə, vaxt öldürməyə yer axtarır. Mən başa düşmürəm, bəs, ölkəni problemləri, onların həlli yollarını axtarmaqla kim məşğul olur?

Təbii ki, Nikol, onun indi sizin şəbədə qoşduğunuz nazirləri. Siz də başlamısınız ki, ay qoymayın, nədi ki, Ermənistan fəlakətli bir günə düşüb. Nə bilim, sabah Ermənistanda bir dənə də olsun erməni qalmayacaq. Daha nə bilim, ölkədə kabus dolanır, guya bu kabus ssenarisi artıq reallığa çevrilir. Bunun, nə bilim, qarşısın almaq üçün ikiqat intensivliklə işləyəcək yeni bir hökumətə ehtiyac var.

...Ay ermənilər, inanın ki, mənə çatmır, siz bir yandan Nikolu ölkədən qovub yerinə təzə baş nazir gətirtmək istəyirsiniz, bir yandan da onun yolunu kəsib getməyə qoymursuz...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə