Vitalikin “güclü bir erməni ordusu”...

Vitalikin “güclü bir erməni ordusu”...

Nə yaxşı ki, səsini çıxardın, yoxsa nigaran qalacaqdıq. Neçə müddət idi ki, sorağın gəlmirdi. Biz də düşünürdük ki, yəqin Vitalik də o biri ermənilər kimi fərarilik sevdasına düşüb. Sən demə, Balasanyan “güclü erməni ordusuna əlavə güç qatmaqla” məşğulmuş. Təbii ki, bu, real görünür. Çünki o, bu sahədə böyük “mütəxəssisdir”. İxtisasca iqtisadçı olsa da, silahsız insanlara güllə ata-ata hərb sənətinin bütün sirlərini dərindən “mənimsəyib”. Sizə zarafat gəlməsin, belə olmasaydı, o özünü Qarabağda Təhlükəsizlik Şurasının katibi təyin etdirərdimi? Əlbəttə ki, yox! İndi Vitalikin Qarabağda “formalaşdırmağa” başladığı “erməni ordusu”na, bu ordunun “döyüşkən ruhuna” hətta onları qoruyan rus əsgər və zabitləri belə həsədlə baxırlar.

Vitalik bu gün də boş dayanmayır. “Heç kimin Qarabağın Silahlı Qüvvələrə sahib olmayacağını düşünməsinə əsla icazə verməyin”-deyə dünyaya xəbərdarlıq edir. Hələ bu harasıymış, sən demə, Vitalik neçə müddətdən bəri adi ordu yox ey... “peşəkar erməni hərbi birləşmələri” yaradırmış. Vay, dədəm, vay, indi belə ordunun qabağında dayan görüm, necə dayanırsan. Sizin əvvəlki “məğlubedilməz erməni ordusu”na xəyalınız getməsin ey...

...Deyirəm də, Balasanyan elə də xırdaçı adam deyil. Onun xaricdən yardım istəyib “bunun bəzi məsələlərin həllinə yönəldiləcəyini” deməsini də elə də qəribliyə salmayın. Çünki Vitalik “böyük hərbçi” olmaqdan əvvəl ermənidir. Erməni də ki, ələbaxımlığa öyrənən bir millətdir. Məncə, belə şeylərə görə, Vitaliki qınamaq düzgün olmaz. Çünki, o da erməniləri bəzi həmkarları kimi, indiki cılız Ermənistanın nə vaxtsa “böyük Ermənistan” olacağına inandırmağı bacarıb. Doğrudur, hazırda Vitalikin Arayiklə arası bir az soyuq olsa da, amma “ümumi işdə”, yəni “güclü bir erməni ordusu” quruculuğunda əl-ələ verməyi bacara biliblər. Onlar hətta rusların belə həsədlə baxdığı bu ordunu nəzərdən qorumaq üçün erməni əsgərlərinə üzərlərində gözmuncuğu gəzdirməyi də məsləhət görüblər. Hazırda erməni sənayesi gözmuncuğu buraxmır deyə, onlar Rusiyadan 5-6 batalyonluq “ot qlaz”, yəni gözmuncuğu sifariş verdiriblər.

...Dünyada artıq adıyla çağırdığı erməni yalanına nə deyəsən? Bu yerdə bizim mərhum satirik yazarımız Seyfəddin Dağlının bir novellası yadıma düşür. Deyir ki, bir gün piyada Bakı Soveti tərəfə düşürdüm. Havalar isti idi deyə küçələrdə də elə çox adam yox idi. Birdən uşaq ağlaması eşitdim. Yolun kənarına baxanda, 3-4 yaşlı bir oğlan uşağının oturub ağladığını gördüm. Elə bildim uşağı kimsə atıb-gedib. Ona yaxınlaşıb, qucağıma götürmək istədim. Gördüm yox, qucağa götürüləsi halda deyil, yəni “kirin-pasın” içindədir, burnunun suyu üzünə yaxılıb. Diqqət verdim, gördüm ki, boynundan gözmuncuğu asılıb. Deməli, uşaq atılmayıb. Soruşdum, niyə ağlayırsan, ay bala? Deyir, uşaq mənə baxıb yaşına uyğun olmayan bir ərklə “sənə nə var” dedi.

Bundan sonra da ünvanlanan bütün suallara uşaq tərəfindən qaba cavablar alan Seyfəddin müəllim sual edir: yaxşı, mən başa düşmürəm bu uşağın nəyinə göz dəyəcək, acı dilinə, yoxsa kirli sifətinə? Mərhum yazar uşağın valideynlərinə məsləhət kimi yazırdı: əvvəl bunu adam halına salın, sonra da gözmuncuğu asın də...

...Deyəsən, Vitalik Balasanyanın “güclü bir erməni ordusu” yaradacağından danışırdıq axı...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə