Davtyanın “inadkarlığı”, Zakaryanın canfəşanlığı…

Davtyanın “inadkarlığı”, Zakaryanın canfəşanlığı…

Vətənin belə ağır günündə Artak Davtyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi barədə Nikolun təklifinə razılıq verməyib. Yəni, ruslar demiş “otkaz” eləyib. Sən, bunda olan “inadkarlığa” bax ey…

SİA erməni saytlarına istinad edərək, bunu, erməni president Armen Sarkisyan tərəfindən bəyan edildiyini bildirib.

Ona görə də, bu vəzifəni müvəqqəti olaraq Baş Qərargah rəisinin müavini general-leytenant Stepan Qalstyan tutulacaq. Artıq müdafiə naziri Vaqarşak Arutyunyan müvəqqəti təyinatla bağlı əmri imzalayıb.

Əskində, Artak Davtyanın burada “nəm-nüm” eləməyə heç bir əsası olmamalıdır. Çünki Pasinyan hakimiyyətə gələn kimi, onu Baş Qərargah rəisi təyin etmişdi. İndi Davtyanın Nikoldan inciməyə heç bir əsasın yoxdur. Əslində, günah Artakın özündədir. Ermənistanda ermənilər bir-birindən uzaq gəzib, məsafə saxladığı bir vaxtda, sən Artaka nə düşmüşdü ki, oğluna toy edəsən? Elə həmin toydan sonra da sənə “get” deyən olmamışdı. Amma sən neylədin?

Bu artıq Paşinyanı meydanda tək qoymaqdır. İstəməzsən, bu dəqiqə ermənilərin “qəhrəman zabitləri” nə qədər deyirsən var.

Biri elə bu, keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan. Doğrudur, onun hərbi təhsili olmasa da, amma müharibənin bütün xırdalıqlarını beş barmağı kimi bilir. İndi mən onun Baş Qərargah rəisi olmaq istədiyini bilməsəm də, amma onun son günlər hərb sənəti ilə bağlı “məntiqi” açıqlamalar verməsi, məndə ona qarşı bəzi şübhələr oyadır. O, hətta bugünkü erməni ordusunun həssaslığını Baş Qərargahın hökumətin istefası zərurətinə dair açıqlaması ilə bağlı risk kimi dəyərləndirir.

Nə gözəl, nə gözəl...Gör bu, başqa erməni generallarının ağlına gələrdi? Zakaryan hətta Silahlı Qüvvələrdə bunun davam edəcəyi təqdirdə növbəti müharibənin qaçılmaz olacağını da görür. Təbii ki, hərbdən üzaq olan birinin hərblə bağlı hər şeyi dəqiqliyilə söyləməsini, başqalarını bilmirəm, amma mən bunu tanrının Zakaryana verdiyi böyük bir vergi kimi görürəm.

Gör, bu, heç Noratın ağlına gələrdi? Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, general-leytenant Norat Ter-Qriqoryantsı deyirəm e... Paşinyanı günahlandırır. Nə deyəsən, yaşlı adamdır. Nə yaşından, nə də ağlı çıxan başından utanmır.

Norata deyən gərək, Paşinyan hakimiyyətə gələndə özü ilə əsgər yanında gətirmişdi? Bir özü idi, bir də həyat yoldaşı Anna xanım. Siz hələ, Anna xanıma “böyük ordulara sinə gərə biləcək zənən ordusu yaratdığına görə” minnətdar olmalısınız. Sən o vaxt yaşını bəhanə eləyib, müharibədən gizlənib “dezertir”lik elədiyin vaxtlarda Anna xanım sənin işlərini görürdü. İndi Paşinyanı məğlub olduğuna görə günahlandırmaq doğru deyil axı. Müharibəni Paşinyan yox, vaxtilə sənin rəhbərliyin altında təlim keçə, saxta “məğlubedilməz erməni ordusu” uduzub.

...Görən, Norat Ter-Qriqoryantsı Baş Qərargaha rəis qoysalar gedər?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə