Erməni agentlərinin “israfcılığı”

Sən demə, ermənilərin "ölkədəki rəngli rüsvayçılıq parodiyasının lideri" kimi təqdim etdikləri Nikol Paşinyan həm də ingilis agenti imiş. Deyilənə görə, bunu ermənilərə "nüfuzlu bir rus hərbçi"lərindən biri çatdırıb. Deyib ki, mənim adım olmasın, amma bu yaxınlarda mənə Nikolun İngiltərənin "MI5" gizli xidmətinə işə götürüldüyü barədə dəqiq məlumat veriblər. Mənə elə gəlir ki, "nüfuzlu rus hərbçisi" elə də dərinə getməyib. Çünki, onun özünün də ingilis agenti olmasından şübhələnə biləcəklərindən ehtiyatlanıb. Bilirsiniz burada məni təəccübləndirən nədir? Nikol Paşinyanda olan "enerji"...

Ay başınıza dönüm, adam nə qədər ölkənin agenti olarmış? Paşinyanın Türkiyə və Azərbaycanın "agenti" olması barədə deyilmişdi, amma indi bu İngiltərə hardan çıxdı belə? Məncə, Paşinyan elə də pulgir adam oxşamır. Bəs, belə olan halda bu qədər pulu hara yığır belə? Əslində bu qədər pulu yığıb-yığışdırmaq Sizə elə də asan gəlməsin a... Amma nə bilmək olar, insandır da...İnsanın da gözünü ancaq bir çimdik torpaq doyuzdurar.

Yenə də Sizi bilmirəm, amma mən bütün bunların başında Annanın dayandığına yüz faiz əminəm. Belə ki, bütün xətaların Nikola arvaddan keçdiyini düşünürəm. Arada bir Siz də düşünün, arvadın "böyük qüvvə" olduğunu elə-belə yerə deməyiblər ki...

Əslində, mən belə düşünürəm və Sizi də mənim kimi düşünməyə çağırıram. Özünüz baxın, mən, Masazırda yaşayan qohumlarıma baş çəkmək üçün pul tapa bilmədiyim halda, "açından günorta duranlar" ölkəsinin nümayəndəsi Anna xanım bu gün Moskvaya, nə bilim, sabah Los Ancelesə hansı para ilə gedir?

Allaha inanan adamam, babal yuya bilmərəm, amma ermənilər Anna xanımın getdiyi bütün ölkələrin baş şəhərlərindəki göydələnlərdən üç-dörd otaqlı mənzillər aldığını da iddia edirlər. Məncə, burada nə Nikolu, nə də elə Annanı israfçılıqda günahlandırmaq doğru olmaz. Öz pullarıdır, hara istəyərlər, ora da xərcləyərlər. Mən iqtisadiyyatdan başı çıxan biri kimi, Sizə deməliyəm ki, pul dövr etməlidir. Dövr eləməyib, evdə qalarsa, boş yerə xərclənib gedəcək. Nə isə, "kişi başqasının pulunu saymaz" deyib yenidən qayıdaq əgent məsələsinə.

...Deməli, erməni parlamentinin sədri bar-Ararat Mirzoyan. Onun da Nikol kimi neçə ölkəyə işlədiyi məlum olmasa da, amma ermənilərə görə, Araratın türk kəşfiyyatının agenti olması, demək olar ki, "sübut olunmuş" bir həqiqətdir. Hətta, deyilənə görə, içkili vaxtlarının birində "türk agenti olmasıyla fəxr etdiyini də gizlətməyib". Sizi bilmirəm, amma mənə elə gəlir ki, belələri ilə "fəxr etməyə" dəyər. Bir "sima sahibi" olduğu o dəqiqə bilinir.

...Adamın bir siması olar. Yoxsa, Vazgen Manukyan kimi, bu yandan türkün köpəyi olmaq istəyir, o yandan da ermənilərlə bağlı ruslara danos göndərir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə