Paşinyana mitinqi Türkiyə “məsləhət görüb”?

Deyirəm, Siz də biləsiniz. Sən demə, martın 1-də, Paşinyana İrəvanın mərkəzində mitinq çağırmağı Türkiyə “məsləhət görüb”. Guya deyib ki, qorxub eləmə, sən o boyda ölkənin baş nazirisən, bir şey olsa, “durmuşam arxanda”.

Ermənistanda institut rəhbəri olan Andranik Tevanyanın bu fikirlərini oxuyanda bilirsiniz yadıma hansı məsəl düşdü: “yetib hər yarağımız, qalıb saqqal darağımız”.

Bilirsiniz, mənə qəribə gələn nədir: martın 1-də keçirilməsi ehtimal olunan mitinqin Tevanyan tərəfindən “Türkiyənin son ümidi” adlandırılması. Onun dediyindən belə başa düşülür ki, “Ermənistan-Türkiyə qarşıdurması artıq son mərhələyə qədəm qoyur”. Deməli, institut rəhbərinə görə, “Türkiyənin sonuna sayalı günlər qalıb”, yəni artıq “türklərin kitabı bağlandı”. Bizlərdə gərək ki, belə yerdə deyirlər də: “… yiyən ölsün!”

İndi Siz təsəvvür edin, əgər bir ölkənin “ziyalısı” belə düşünüb danışırsa, daha o biri, işsız-gücsüz ermənidən nə gözləyəsən? Doğrudanmı, bu millət özündən bu qədər müşdəbehdir?

Nikol Paşinyan mitinq keçirir, kimə nə? Nə bilim, ölkənin polisi, Milli Təhlükəsizlik Xidmətinin bir parası Nikola tabedir, daha nə bilim ermənilər “xalqın baş nazirini daha sevmirlər” və s. axı bütün bunlardan Türkiyəyə nə?

Tevanyan deyir ki, erməni baş prokuror Artur Davtyan Nikol Paşinyana qarşı cinayət işi qaldırmaq istəyir, amma nə təəssüflər ki, kompleksi yoxdur. Buna görə də, Davtyan hələlik “küləyin istiqamət və sürəti”ni gözləyir. Bu gün hökumətin müəyyən qisminə sahib olan Nikol, bunun onun üçün çox kövrək və sürüşkən bir dəstək olduğunu başa düşür.

Bunları ərz edən Andranik Tevanyan, daha sonra, Ermənistanın daxili işlərinə qarışan və daha çox Nikola güvənən Türkiyənin də artıq bunu başa düşdüyünü deməklə, sərçəni lap gözündən vurmuş olur.

Hələ bu harasıdır, Sən demə, bütün Türkiyə əhli gecə-gündüz “Nikol Paşinyan - Baş nazir” layihəsinə həmrəylik nümayiş etdirərək, hər gün ona dəstək verirlər. Allahdan dua diləyirlər. İndi Türkiyənin ümidi martın 1-də İrəvanda “insanlar Nikol Paşinyana dəstəkdir” tamaşasını qurmağa qalıb. Bundan əlavə, Türkiyə tərəfindən göstəriş gəlib: Nikolla əlaqəli olan oliqarx və dövlət məmurları baş nazirin mitinqinə tək yox, əsabələri ilə gəlməlidirlər. Çünki, mitinqdəki nikolsevərlərin sayı çox olmalıdır. Tevanyana görə. bu tapşırıq da Türkiyədən gəlib.

Məncə, şərhə elə də ehtiyac yoxdur…

…Türkəsilli Fyodr Dostoyevskinin belə bir fikri var, deyir ki, “yalnız yaramazlar yalan danışır”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə