Kürəkənin Ermənistan “nigarançılığı”

Bir erməni siyasətçisi var - Mikael Minasyan. Vaxtilə qayınatası Serj Sarkisyan prezident olanda “çörəyini” başqası yeməsin deyə, onu Vatikana səfir göndərmişdi. Bu gün işdən qovulan kürəkən Paşinyanın qorxusundan İrəvana dönə bilmir deyə, dini bir məmləkətdə oturub "köhnə palan içi eşir". Məncə, Vatikan Ermənistana elə də uzaq olmamalıdır. Bəs, onda necə olur ki, Mikaelin “həsrətini çəkdiyi vətəni ilə bağlı” göndərdiyi “üzücü” xəbərlər İrəvana çatana qədər bu qədər köhnəlir? Görən, Nikolun barmağı yoxdu ki, bu işdə?

“Bu gün Ermənistan iqtisadiyyatının defolt olma riski var. Borc xidməti - faiz ödənişləri hər gün artır. Bu o deməkdir ki, Ermənistan daha yeni borc götürə bilməyəcək, əksinə beynəlxalq maliyyə qurumları da Ermənistan iqtisadiyyatını birbaşa nəzarətlərinə götürə bilərlər”.

Hələ bu? Bunları deməklə, Manasyan yeni bir planet kəşf etdiyinimi düşünür? Bunu təkcə mən yox, qonşumuz Zöhrə arvad da yaxşı bilir. Yadınızda olar, mən bir dəfə bundan əvvəl bildirmişdim: burada erməniləri daha çox qorxudan “Ermənistan iqtisadiyyatını birbaşa nəzarətlərinə götürə bilənlər” arasında Azərbaycan iş adamlarının olmasıdır.

Bax, ermənilərin yuxusunu ərşə çəkən budur. Bunula yanaşı, burada mənə çatmayan bilirsiniz nədir? Mikaelin beynəlxalq maliyyə qurumlarının ermənilərə borc verməmələri barədə dedikləri. Adama lap gülməli gəlir, axı deyən gərək, ay Mikael, məgər yetim uşaq almentlə yaşadığı kimi, siz ermənilər elə bu günə qədər xaricdən göndərilən ianələr hesabına yaşamamısınızmı?

Paşinyanın xalqa 750 milyon dollarlıq avrobondlar payladığını başına vurub, bunun milli borcları 10 faiz də artıracağını deyirsən. Paşinyan yazıq heyləməliydi? Biçarə ermənilərin gəbərməsinəmi tamaşa etməliydi. Sənə nə var, özünü “haqsızlıqla üzləşən bir xalqın nümayəndəsi kimi” təqdim edib oturmusan Avropanın dini mərkəzində və Vatikana gələn nəzir-niyazdan xımır-xımır üyüdürsən. İnanın ki, belə məqamda deyirlər də, “toxun acdan xəbəri olmaz”.

Sən hələ, utanmadan, Nikoldan ölkədə Ümumi Daxili Məhsulun artımını tələb edirsən. Deyirəm, yadında qalsın: Ermənistanın Ümumi Daxili Məhsulunnun səviyyəsi qayınatan Serjikin vaxtında necə idisə, indi də elə qalıb. Yadındadır, o, qayınatanı deyirəm, həmişə Ermənistandakı işkişaf barədə danışarkən, İrəvan küçələrində xarici maşınların artdığını deyib, bunu ölkəyə bəxş elədiyi “iqtisadi inkişafın” adına yazırdı.

Yenidən, özünü savadlının biri kimi göstərib, dövlət borcu haqqında qanunvericilik həddinin 60 faiz olduğunu deyirsən. Hə, indi nə olsun ki, bu Ermənistanda bu göstərici 65-66 faizdir. Nə olsun ki, ermənilərin dövlət borcu artıq qanunla müəyyən edilmiş həddi keçib. Hər bir erməni vətəndaşının 2960 dollar real borcu olduğunu deyirsən. Yalandır. Şəxsən mən inanmıram. Çünki 44 gün Qarabağda yeməyə bir şey tapmayıb ancaq ot-ələf yeyən “müzəffər ordumuzun əsgərləri”nin üzərinə bu qədər borc yazmaq düzgün deyil.

Bundan əlavə, Mikael, sən borc verən beynəlxalq təşkilatlardan da nigaran qalma, çünki onlar “it əl çəkər, motal əl çəkməz” məsəlinin reallığını biz ermənilərə borc vermək istəmədikləri vaxtdan bəri anlamağa başlayıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə