Doğrudanmı, Paşinyan istefa vermək istəyir?

Köçəryanla, Sarkisyan günləri sayıb məqam gözləyirlər..
Doğrudanmı, Paşinyan istefa vermək istəyir?

Bu gün Ermənistanda əvvəlki rejim rəhbərlərinin yenidən hakimiyyəti ələ almaq uğrunda apardıqları mübarizə, onların “vətənpəvərlik”lərindən daha çox, əvvəlki hakimiyyətləri dövründə yığdıqları sərvətlərini qoruyub- saxlamağa hesablanıb. SİA bu fikirlərin müstəqil analitik Edqar Vardanyanın erməni saytlarına verdiyini açıqlamasına istinad edərək bildirir.

Təbii ki, bu başadüşüləndir. Çünki bu gün Ermənistandakı vəziyyət sabiqləri yaranmış vəziyyətdən yararlanmağa vadar edir. Buna bariz nümunə kimi, elə dünən Serj Sarkisyanın erməni telekanalına verdiyi açıqlamanı göstərmək olar. Sən demə, bəstəboy Serjik hakimiyyətdə olduğu ərəfədə ermənilərdən oğurladıqlarına rəğmən, bu gün onların əsl xilaskrı, “sülhmramlı”nın biri imiş. Maraqlıdır, Ermənistanın mənafeyinin onun üçün böyük önəm kəsb etdiyini, “vətəni ilə heç vaxt alver” etmədiyini deyən Sarkisyanın, görən, bu sözləri deməkdə məqsədi nədir? Əlbəttə ki, yenidən hakimiyyətə qayıtmaq həsrəti. Necə olur axı, Robert hakimiyyətə qayıtmaq istəsin, Serjik yox? Niyə o da özünə düşən paydan nəsə aldə etməsin?

Məhz bu mənada erməni analitik Edqar Vardanyanın sabiqlərin hərəkətlərində müşahidə etdiyi təəssüratla razılaşmağa dəyər. Məsələn, onun bu insanların oxşar metodlarla öz mənbələrini saxlamağa meylli olduqları barədə dediklərinə də haqq qazandırmaq olar.

Vardanyanın təəbirincə, bu gün istər Robert Köçəryan, istərsə də Serj Sarkisyan mövcud rejimə qarşı mübarizədə özlərindən “qurban” obrazı yaratmağa çalışırlar. Halbuki, onların “vətənpərvər”likləri daha çox yığdıqları maddi sərvətin qorunmasına hesablanıb.

Maraqlıdır ki, bu gün sabiqlər həsrətlə Paşinyanın istefa verəcəyi günü gözləyirlər. Gözləməkdə olsunlar, amma ötən gün baş nazir Paşinyanla hakim “Mənim addımım” fraksiyası arasındakı görüşdən sonra fraksiya rəhbəri parlament seçkiləri keçirmək təklifinin parlament müxalifətindən müsbət cavab almadığına dair bəyanat yayıb.

Yəni yaxınlarda Ermənistanda seçki keçirilməsi ehtimal olunmur. Amma nə bilmək olar, özlərini “demokratik ölkə” sayan Ermənistanda, həqiqət budur ki, demokratiyaya əsaslanan heç bir siyasi sistem yoxdur. Məsələ bundadır ki, bunu “demokratik düşüncəli” Paşinyan da yaxşı anlayır. Elə də ağılsız olmayan Nikol Paşinyan bu gün yaranmış şəraitdə istefa verməsinin İrəvanda ciddi daxili siyasi təlatümlərə səbəb ola biləcəyini başa düşür.

Bilirsiniz burada mənim üçün maraqlısı nədir: Siz, doğrudanmı düşünürsünüz ki, Paşinyan istefa vermək istəyir?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə