Erməni məktəbləri şagirdsiz qalır

Erməni məktəbləri şagirdsiz qalır

Bir müddət bundan əvvəl, saxta yolla da olsa, əhali sayını artırmağa çalışan ermənilər Suriyada yaranmış vəziyyətdən yararlanmağa çalışırdılar. Yadımdadır, ermənilərin yalan vədlərinə inanıb İrəvana gələn suriyalı erməni qadınlardan biri, Suriyadan gətirdiyi pulları xərcləyib qurtardıqdan sonra küçələrdə qaldığını, buna baxmayaraq rəsmi erməni rəhbərliyindən heç bir kömək görmədiyini bildirirdi. Maraqlıdır ki, həmin qadın geri qayıtmaq üçün günəmuzd işləyib yol pulu qazanmağa belə hazır olduğunu bildirirdi.

İndi düşünürsən, belə olan halda, bu gün erməni rəsmilərinin ölkədən qaçanlara "irad" bildirərək, onların qarşısına sipər çəkmələrinə hansı əsası gətirirlər.

Qeyd edilməlidir ki, bu gün Ermənistanda rəsmilər erməni əmək miqrantlarının artıq ölkə iqtisadiyyatının qeyri-rəsmi növünə çevrildiyini etiraf etməyə məcbur olublar. Amma buna baxmayaraq, bu gün erməni miqrantlarının Ermənistanın ayaqda durmasında göstərdikləri xidmətlər də danılmazdır.

Məsələn, "Erməni Caritacı" xeyriyyə təşkilatının nümayəndəsi Tatevik Bejanyan fərqli illərdə xaricdən əmək miqrantlarının Ermənistana göndərdikləri pul köçürmələrinin ölkə ÜDM-nin təqribən 12-22 faizini təşkil etdiyini bildirir.

SİA bu barədə erməni mətbuatına istinadən xəbər verir.

Maraqlıdır ki, erməni rəsmisi Ermənistandan qaçan miqrant axınlarını yalnız iş axtarışı ilə əlaqələndirilmir. O, hətta etiraf edir ki, tanıdığı adamların bəziləri ölkədə babat işlərinin olmasına baxmayaraq, onlar da ölkəni tərk edirlər. Bəs, onda buna səbəb nədir? Erməni qadının fikrincə, insanlar artıq Ermənistanın gələcəyinə olan inamlarını itirməyə başlayıblar. Ölkənin gələcəyinə olan inam itəndə onlar nə özləri, nə də övladları üçün heç bir perspektiv görməməyə başlayırlar.

Erməni qadın onu da etiraf edir ki, fevraldan 1-dən etibarən Ermənistanda hava yollarının açılması, təkcə İrəvandakı məktəb şagirdlərinin sayını yarıbayarı azaldıb. Onun sözlərinə görə, vəziyyət o həddə çatıb ki, artıq bəzi məktəb direktorları sinfləri ləğv etmək məcburiyyətində qalacaqlarını elan ediblər, çünki təsəvvür edirsinizmi, bəzi siniflərdə 15 şagirddən 8-i valideynləri ilə ölkədən gedir.

Vəziyyətin baş nazir Nikol Paşinyan tərəfindən təslim sənədinin imzalanmasından sonra başladığını deyən, təşkilat nümayəndəsi, hazırda ölkədəki siyasi vəziyyətin əhalinin axınına ciddi şəkildə təkan verdiyini bildirir. Onun sözlərinə görə, bu gün Ermənistanın varlığı üçün ən ağrılı məsələ, bizim daimi yaşamaq üçün ölkədən gedənlərin sayındakı artıma şahidlik etməyimizdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə