“Böyük siyasətə” “böyük ideallar”la dönən Köçəryan…

“Böyük siyasətdə, əslində, dost yoxdur, deyən Putinin siyasətçi dostu…”
“Böyük siyasətə” “böyük ideallar”la dönən Köçəryan…

Bu gün Ermənistanda hakimiyyətə gəlmək arzusunda olanların bəzisi özlərini ölkənin “vətənpərvər”i kimi gözə soxmağa çalışsalar da, Robert Köçəryan kimi bəzisi “vətənpərvər” sipəri altında özünü Rusiya tərəfindən himayə edildiyini gizlətməyə çalışır. Maraqlıdır ki, bu gün bəzi rəqiblərindən fərqli olaraq Rusiyada özünə qahmar axtaran Köçəryanın şanslı olduğu düşünülsə də, bu, Ermənistanda bəzilərinə ilğım təsiri bağışlayır.

Yadınızdadırsa, bir müddət bundan əvvəl “İzvestiya” qəzetinin direktorlar şurasının sədri Aram Qabrelyanovun Köçəryan haqqında dedikləri, onu ermənilərin xilaskarı qismində görməsi ölkədəki ermənilər tərəfindən birmənalı qarşılanmamışdı. Belə ki, İrəvan erməniləri Qabrelyanova “…kaş ki, Robert Köçəryanın timsalında revanşistlərin mənafeyini müdafiə etdiyi qədər ermənilərin maraqlarını da qoryaydın” səpkili bir mesaj da göndərmişdilər. Bu gün Ermənistanda hakimiyyətə gəlmək istəyən erməni siyasətçilərlərin bəzisi Vladimir Putinin “…böyük siyasətdə, əslində, dost yoxdur” tezisini əsas tutaraq Köçəryanın məhz Kremilin köməyi ilə hakimiyyətə gəlmək arzusunun elə də real ola biməməsi ilə təskinlik tapırlar.

Amma bunula belə, Robertə Moskvaya getməsi üçün icazə verdiyinə görə Nikolu “qınayanlar” da var. Hətta bəziləri Paşinyanın bu əməlini onun siyasətdəki naşılığı ilə əlaqələndirirlər. Onların fikrincə, bu gün Nikolun hakimiyyəti üçün ən böyük problemi, məhz Robert Köçəryanın özüdür.

Əslində, bunu Paşinyan üçün təhlükə də adlandırmaq olar. Çünki Rusiya səfərindən qayıdan Robert Köçəryan artıq böyük siyasətə qayıtdığını bəyan edib.

Qeyd edilməlidir ki, bu gün Ermənistanda çoxları sabiq prezidentin “məxməri inqilabçıları” devirərək, yenidən dövlət başçısı kürsüsündə oturmaq arzusunda olduğunu artıq müşahidə etməyə başlayıblar.

Amma məsələnin maraqlı tərəfi də var. Təsəvvür edin, sabah hakimiyyətə gələn Robert Köçəryan xalqa nələr verəcək Çoxları, haqlı olaraq, Köçəryanın xalqa, istəsə belə, heç nə verə biməyəcəyini düşünürlər. Doğru da düşünürlər. Məgər hakimiyyətə gələn Robert Qarabağa geri ala biləcək? Bu gün Ermənistandakı dözülməz həyatdan bezib ölkədən qaçan yüz minlərlə mühacir yenidən ölkəyə qayıdacaq? Təbii ki, yox! Çünki onların əksəriyyəti elə Köçəryan və Sarkisyanın hakimiyyəti dövründə Ermənistandan qaçanlardır və çətin ki, indi onlar Ermənistana qayıdıb bütün bu dəhşəti yenidən yaşamaq istəsinlər.

Bəlkə, Robert vaxtilə elə onun özünün də barmaq batırıb taladığı ölkə xəzinəsini bərpa edəcək? Təbii ki, bu da yox! Çünki o da həmkarı Serj Sarksiyan kimi, oğurladıqlarını çoxdan yebəyer edib. Bəs onda Köçəryan hakimiyyətə gələcəyi təqdirdə xalqına nə vəd edir?

Təbii ki, Rusiyanın timsalında qəyyum! Robertə görə, Rusiya ilə tam inteqrasiya, geopolitika baxımından Ermənistan üçün bir çox üstünlüklər təmin edir. Dünyanın bölgələndiyini, qlobal proseslərin bəzi regional inteqrasiya prosesləri ilə əvəzləndiyini bildirən Köçəryana görə Ermənistan Rusiya ilə daha dərin qarşılıqlı əlaqəni çox ciddi şəkildə düşünməlidir.

Əslində bu da başa düşüləndir. Dəxli yoxdur, erməni olmursan, kim olursan ol, Rusiyanın dəstəyini ödəməlisən. Bu, ölkənin dövlət müstəqilliyini itirmək bahasına olsa belə.

Maraqlıdır, sadalanan “ciddi inteqrasiya”lar Ermənistanın Rusiya tərəfindən artıq tam mənimsənilməsi deyilmi? Belə olan halda, Robert Köçəryanın böyük siyasətə qayıtmasının Ermənistan üçün elə də bir önəmi yoxdur. Bu da ermənilərin gəldiyi qənaətdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə