“BioNTech/Pfizer” peyvəndi ilə bağlı Aİ ölkələrində heç bir ölüm halı qeydə alınmayıb
Koronavirusa qarşı “BioNTech/Pfizer” peyvəndi ilə əlaqədar Avropa İttifaqı (Aİ) ölkələrində heç bir ölüm halı qeydə alınmayıb.
SİA xəbər verir ki, bu barədə məlumatı Avropa Dərman Agentliyi (EMA) yayıb. Qeyd edilib ki, indiyədək peyvənd vurulan şəxslərin ölümü bu peyvəndlə deyil, başqa səbəblərlə əlaqəlidir. Eyni zamanda bu peyvəndin hansısa yan təsirlərə malik olması barədə də faktlar aşkarlanmayıb.
Avropada ötən il dekabrın sonunda başlayan vaksinasiya kampaniyasından keçən bir aylıq dövrün icmalını təqdim edən agentliyin məlumatında “BioNTech/Pfizer” peyvəndinin təhlükəsizlik standartlarının mümkün riskləri üstələdiyi əksini tapıb. Ona görə də peyvəndlə bağlı təhlükəsizlik narahatlığı mövcud deyil və peyvəndin tətbiqində hansısa dəyişikliklər tövsiyə olunmur.
Qeyd edilməlidir ki, bir sıra Aİ ölkələrində ötən həftələrdə “BioNTech/Pfizer” peyvəndi vurulan şəxslər arasında ölüm halları barədə məlumat yayılıb. Təkcə Norveçdə peyvəndin ilk komponenti vurulan ahıllar arasında 33 ölüm halı qeydə alınıb. Agentlik Norveç səhiyyə orqanlarına istinadla bildirib ki, həmin pasiyentlərin ölümü daha öncəki xəstəliklərindən qaynaqlanıb və peyvəndlə əlaqəli olmayıb.
ABŞ-da “BioNTech/Pfizer” peyvəndi vurulmuş şəxslərdə 1 milyon nəfərin 11-də anafilaksiya (ağır allergik reaksiya) müəyyən edilib. Aİ ölkələrində peyvəndin allergik reaksiyasına dair hələlik statistika mövcud olmasa da, agentlik peyvəndə qarşı allergik reaksiyanın məlum və gözlənilən yan təsir olduğunu açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB