Nümayişçilər hər yeri dağıdırlar Hollandiyada qiyam

Hollandiya sakinləri məhdudiyyətlərdən nə qədər yorulduqlarını indi səlahiyyətlilərə çatdırmağa çalışırlar və bunun üçün radikal bir üsul seçiblər. SİA RenTV saytının yayımladığı məlumata istinadən xəbər verir ki, yüzlərlə insan artıq ikinci gündür doğma şəhərlərinin küçələrini yandırır və zibilləyirlər.

Bu gecə nümayişçilər park edilmiş avtomobilləri partladıb və dükanları qarət ediblər. Rotterdamda fişənglərlə silahlanmış nümayişçilər polis bölməsinə tərəf gediblər. Yaxşı silahlanmış təhlükəsizlik qüvvələri belə, qəzəbli izdihamın qarşısını almağa cəsarət etməyiblər. Yalnız xəbərdarlıq atəşləri sayəsində ofislərini qoruya biliblər. Ancaq bu, şəhərdə gecə törədilən yanğınların qarşısını ala bilməyib.

Məlumatda bildirilir ki, bütün dayanacaqları darmadağın edən kütlə ardınca avtomobillərə hücuma keçib. Aktivistlər baş verənləri koronavirus məhdudiyyətlərinə reaksiya adlandırıblar. Ölkənin bir neçə böyük şəhərində gecə bir növ atəşfəşanlıq gurultulu keçib.

Kütləni dəyənək və su şırnaqları ilə dağıtmaq üçün uğursuz cəhdlərdən sonra sərt həbslər başladılıb. Polisə kömək üçün xüsusi təyinatlılar göndərilib. Sonra əsl mübarizə başlayıb. Axşam iğtişaşları zamanı ümumilikdə 150-dən çox insanı polis saxlayıb. Etiraz aksiyaları artıq hökumət tərəfindən qınanıb, baş nazir nümayişçiləri cinayətkar adlandırıb və təhrikçilərin ən ağır cəzanı alacağını vəd edib.

"Bunun qanuni etirazlarla heç bir əlaqəsi yoxdur. Bu, cinayət tərkiblidir və buna uyğun da davranacağıq", deyə Hollandiyanın baş naziri Mark Rutte bəyan edib.

Xatırladılır ki, Hollandiyada qapanma dekabrın ortalarından etibarən qüvvədədir və ötən cümə günündən də komendant saatı tətbiq edilib. Məktəblər, restoranlar, bərbərxanalar bağlıdır. Bununla belə yoluxan insanların sayı, yoluxma halı artmaqda davam edir. İndi gərgin vəziyyət gecə iğtişaşları ilə daha da artıb.

Nəzərə çatdıraq ki, bu ölkədə komendant saatı II Dünya Müharibəsindən sonra ilk dəfə tətbiq edilib. Ancaq görünən odur ki, nə həkimlərin xəbərdarlıqları, nə də 95 avroluq cərimə nümayişçiləri dayandırmır, ona görə də həmin gündən etibarən əlavə polis bölmələri artıq küçələrdə keşik çəkir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə