Boris Conson və Cozef Bayden arasında telefon danışığı olub

Böyük Britaniyanın Baş naziri Boris Conson və ABŞ Prezidenti Cozef Bayden arasında onun vəzifə səlahiyyətlərinin icrasına başlamasından bəri ilk dəfə telefon danışığı olub. SİA xəbər verir ki, bu barədə baş nazirliyin ofisindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, B.Conson prezident Baydeni andiçmə mərasimi münasibətilə təbrik edib. "Baş nazir prezidentin iqlim dəyişikliyi ilə əlaqədar Paris sazişinə, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına və peyvəndlərə bərabər çıxışın təmin edilməsi üçün COVAX proqramına yenidən qoşulma qərarını alqışlayıb", - məlumatda belə deyilir. Bildirilib ki, liderlər iki ölkə arasında potensial sərbəst ticarət razılaşmasının faydalarını da müzakirə ediblər. Bundan əlavə, Boris Conson özünün "Twitter" səhifəsində C.Baydenlə danışdığı üçün şad olduğunu, Britaniya və ABŞ arasında uzun müddətdir davam edən dostluğu daha da dərinləşdirmək üçün səbirsizliklə gözlədiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə