İranda Əhmədinejadın adamlarını dənləyirlər

İranda Əhmədinejadın adamlarını dənləyirlər

Ötən gecə İranın Prezident Administrasiyasının yüksək vəzifəli rəsmisi həbs olunub. SİA-nın \"İSNA\" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, şərti adı "K" təqdim olunan yüksək vəzifəli şəxs "Qayıdış çox yaxındır" filminin çəkilməsində fəal iştirak etdiyi üçün həbs edilib. Həbs olunan şəxs İranın Prezident Administrasiyasının keçmiş rəhbəri İsfəndiyar Rəhim Məşainin 20 illik yaxın dostudur.

Qeyd edək ki, may ayının əvvəlində İranın "Vilayi Xətiblər" (moizəçilər) Asossiasiyasının rəhbəri Abbas Əmirifər də "Qayıdış çox yaxındır" filminin çəkilişinə kömək göstərdiyi üçün həbs olunmuşdu. Əmirifər də İranın Prezident Administrasiyasının keçmiş rəhbəri İsfəndiyar Rəhim Məşaiyə yaxın şəxs idi və onun tərəfindən Prezident Administrasiyasının Mədəniyyət Şurasının üzvü seçilmişdi.

Məşai keçən ay vəzifəsindən uzaqlaşdırılıb. Əhmədinejadın qudası olan Məşai 2009-cu ildə vitse-prezident təyin edilsə də, dini lider ayətullah Xamneyi bu təyinata mane olmuşdu. Bir çox deputatlar, dini şəxsiyyətlər və İran İslam İnqilabı Keşikçiləri Korpusu dini təhrif etməsi ilə bağlı Məşaiyə dəfələrlə xəbərdarlıq ediblər. İranda hakimiyyətdə olan mühafizəkarlar düşərgəsinə bağlı olan bir çox KİV Məşainin İmam Mehdi ilə bağlı filmi maliyyələşdirdiyini iddia edirlər. Məşai bununla bağlı hələlik fikir bildirməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə