Bin Ladenin yerini kim tutacaq?

\"Əl-Qaidə\" lideri Üsamə bin Laden ABŞ hərbçilərinin əməliyyatı nəticəsində Pakistanda öldürüldükdən sonra \"Əl-Qaidə\"nin müvəqqəti liderliyini edən Seyf əl-Adilin məhz təşkilatın başçısı seçildiyi barədə məlumat yayılıb. SİA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, eyni zamanda Misir vətəndaşı olan keçmiş hərbçi Seyf əl-Adilin deyil, Üsamə bin Ladenin köməkçisi Ayman əl-Zəvahirinin təşkilatın lideri olacağı da bildirilir.

ABŞ xüsusi xidmət orqanlarının məlumatına görə, Seyf əl-Adil \"Əl-Qaidə\"nin öndə gedən hərbi komandanlarından və 1998-ci ildə Nayrobi ilə Darəs-salam şəhərlərindəki ABŞ səfirliklərində partlayışları təşkil edənlərdən biridir. Onun 1990-cı ildə Sudan və Əfqanıstanda \"Əl-Qaidə\"nin təlim düşərgələrini yaratdığı ehtimal edilir.

Lakin digər namizəd də var. Bu isə Üsamə bin Ladenin 20 yaşlı oğlu Həmzədir. O, hərbi əməliyyat zamanı atasının Pakistandakı iqamətgahından qaçıb. Bin Ladenin üç arvadı verdikləri ifadədə mayın 1-dən sonra Həmzəni görmədiklərini deyiblər. Bəzi məlumatlara görə, Həmzə bin Ladenin ən etibar etdiyi adamlardan biri olub.

Xüsusi xidmət orqanlarındakı mənbə isə bildirib ki, Həmzə çox təhlükəli adamdır və əgər o yoxa çıxıbsa, qisasçılığa başlaya və "Əl-Qaidə"nin bir nömrəli adamına çevrilə bilər: "Əgər əməliyyat zamanı o doğrudan da iqamətgahda olubsa, deməli, o sistemdə böyük etimada sahibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə