Si Cinpin də Co Baydeni təbrik edib

Çin Xalq Respublikasının dövlət başçısı Si Cinpin qeyri-rəsmi nəticələrə əsasən ABŞ prezident seçkilərində qalib gələn Cozef Baydeni təbrik edib. SİA xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.

Xəbərə görə, S.Cinpin C.Baydenə göndərdiyi yazılı mesajda iki ölkə arasında sağlam və sabit münasibətlərin qurulmasını təmənna edib.

“Yaxşı münasibətlər həm iki ölkə xalqlarının əsas maraqları, həm də beynəlxalq toplumun əsas gözləntisidir. Ümid edirəm ki, hər iki tərəf qütbləşmə və münaqişədən çəkinəcək, qarşılıqlı hörmət və “qazan-qazan” ruhuna uyğun əməkdaşlığa fokuslanacaq”, - dövlət başçısı qeyd edib.

Si Cinpinin müavini Vanq Çişan da Baydenin köməkçisi Kamala Harrisə təbrik mesajı ünvanlayıb.

Qeyd edək ki, ABŞ-da 3 noyabrda keçirilən prezident seçkilərində üstünlük əldə edən Co Baydenin 20 yanvar 2021-ci ildə inaqurasiya mərasiminin keçirilməsi planlaşdırılır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə