Çavuşoğlu: "Türkiyəyə məxsus gəmiyə qarşı davranışın meydanda da cavabını verəcəyik"

“Irini” əməliyyatının Türkiyəyə məxsus gəmiyə qarşı davranışının meydanda da cavabını verəcəyik, bu məsələdə siyasi və hüquqi prosesləri nəzarətdə saxlayacağıq”.

SİA xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyəyə məxsus “Roseline A” ticarət gəmisində “Irini” əməliyyatı çərçivəsində axtarış aparılması ilə əlaqədar jurnalistlərin suallarını cavablandırarkən belə deyib.

Nazir bildirib ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qərarı da bu baxımdan Türkiyənin lehinədir.

M.Çavuşoğlu BMT, NATO və Beynəlxalq Dənizçilik Təşkilatı ilə bu mövzuda danışıqlar aparıldığını, dünən Avropa İttifaqı, Almaniya və İtaliyanın Ankaradakı səfirliyi vasitəsilə Türkiyənin nota verdiyini xatırladaraq bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələni nəzarətdə saxlamaq üçün xüsusi təlimat verib: “Ticarət gəmisinə rəsmi icazə olmadan müdaxilə etmək dəniz quldurluğudur, beynəlxalq hüquqa ziddir. Biz bu məsələni sonuna qədər təqib edəcəyik”.

Qeyd edək ki, noyabrın 22-də Aralıq dənizi vasitəsilə Liviyaya ərzaq, boya və bu kimi məhsullar aparan Türkiyəyə məxsus ticarət gəmisində kapitanı yunan olan Almaniyaya məxsus “Hamburg” gəmisinin hərbi heyəti beynəlxalq dəniz qanunlarına zidd axtarış aparıb.

Avropa İttifaqı Dəniz Qüvvələri BMT-nin Liviyaya tətbiq etdiyi silah məhdudiyyətləri çərçivəsində 31 mart 2020-ci ildən Aralıq dənizində “Irini” (yunanca barış) hərəkatına başlayıb. Lakin mərkəzi ofisi Romada yerləşən “Irini” hərəkatı beynəlxalq, hüququn bəzi tələblərinə görə, qərəzli və qanunsuz hesab edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...