Portuqaliya Avropada elektromobillərin satışında beşinci yerdədir

Portuqaliya Avropada ən çox elektromobil satılan ölkələr sırasına daxildir.

SİA Avropanın Nəqliyyat və Ətraf Mühit Federasiyasına istinadla xəbər verir ki, Portuqaliyada cari ilin birinci yarısında satılan avtomobillərin 11 faizini elektrik enerjisi ilə işləyən elektromobillər təşkil edib.

“Missiya (demək olar ki,) yerinə yetirildi” adlı hesabat “Zero” ekoloji assosiasiyası tərəfindən dərc olunub. Norveçin (69 faiz) liderlik etdiyi siyahıda daha sonra İsveç (26 faiz), Finlandiya (15 faiz) və Niderland (13 faiz) qərarlaşıb.

“Zero” ekoloji assosiasiyası Norveçin bu sahədə qazandığı yüksək göstəriciləri əlverişli vergi rejimi, infrastruktur şəbəkəsini təmin edə bilən enerji ehtiyatları və Portuqaliyadan elektromobillərin alınmasına qoyulan qadağa ilə əlaqələndirir.

Qeyd edək ki, Avropanın ümumi satış sektorunda elektromobillərin payının 2020-ci ilin sonunadək 10 faizə çatacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə