NATO Liviyanı alt-üst edir

Liviyadakı əməliyyatlarda iştirak edən NATO təyyarələri mayın 13-də 145 uçuş həyata keçirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu uçuşlardan 52-si hərbi xarakter daşıyıb. Hava hücumları zamanı bir tank, 3 raket qurğusu və 15 silah-sürsat anbarı məhv edilib. Əməliyyatların NATO komandanlığına keçdiyi gündən, yəni martın 31-dən bəri 6377 uçuş həyata keçirilib. Bunlardan 2512-si hərbi uçuşlar olub.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası martın 17-də Liviya üzərində uçuşsuz zonanın tətbiq edilməsini nəzərdə tutan və bu ölkəyə xarici hərbi müdaxilənin mümkünlüyünə imkan verən qətnamə qəbul edib. Martın 19-da başlayan koalisiya qüvvələrinin əməliyyatlarında Böyük Britaniya, Fransa, ABŞ, Kanada, Belçika, İtaliya, İspaniya, Danimarka və Norveç iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə