Banqladeşdə COVID-19-a yoluxanların sayı 180 mini ötüb

Son sutka ərzində Banqladeşdə yeni növ koronavirus infeksiyasına (COVID-19) 2686 yoluxma və bu virus səbəbindən 30 ölüm faktı qeydə alınıb. SİA Banqladeşin Səhiyyə Xidmətləri üzrə Baş İdarəsinə istinadla xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayının 181 min 129 nəfərə, ölənlərin sayının isə 2305-ə çatıb. İdarənin rəhbəri Nəsimə Sultana Banqladeşdə indiyədək virusa yoluxanların 48 faizinin sağaldığını, 1,27 faizinin isə öldüyünü bildirib. Ölkədəki tibb ocaqlarının imkanları barədə danışan idarə rəhbəri deyib ki, Banqladeşin səhiyyə müəssisələrindəki 394 reanimasiya şöbəsində, ümumilikdə 15 minə yaxın çarpayı var. Ölkədəki COVID-19 pasiyentlərinin təxminən 75 faizi evdə və ya yaşadıqları yerlərdə müalicə alırlar. Qeyd edək ki, Banqladeşdə COVID-19 infeksiyasına ilk yoluxma martın 8-də, ilk ölüm isə martın 18-də qeydə alınıb. Ölkədə ən çox yoluxma paytaxt Dəkkə, Çattoqram və Narayanqanc şəhərlərindədir. Hökumət yaşayış məntəqələrini yoluxma sayına görə qırmızı, sarı və yaşıl zonalara bölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə